...

Azərbaycanda yeni elektron tədris idarəetmə sisteminin tətbiqinə başlanıb (FOTO)

Cəmiyyət Materials 10 Oktyabr 2014 17:55 (UTC +04:00)
Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən Azərbaycan İT şirkəti Neuron Technologies bu gün Bakı Ekspo Mərkəzində təşkil olunan beynəlxalq Təhsil və Karyera sərgisində iştirakı çərçivəsində ziyarətçiləri növbəti uğurlu layihəsi ilə təəcübləndirib.
Azərbaycanda yeni elektron tədris idarəetmə sisteminin tətbiqinə başlanıb (FOTO)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən Azərbaycan İT şirkəti "Neuron Technologies" bu gün Bakı Ekspo Mərkəzində təşkil olunan Beynəlxalq Təhsil və Karyera sərgisində iştirakı çərçivəsində ziyarətçiləri növbəti uğurlu layihəsi ilə təəcübləndirib. Şirkət tərəfindən ali təhsil müəssisələrində tədris prosesinin Bolonya sisteminə uyğun təşkilini təmin edən elektron idarəetmə sistemi nümayiş etdirilib.

Şirkətin rəhbəri İsmayıl Ələkbərovun bildirdiyinə görə, bu yeni sistemi digər mövcud elektron sistemlərdən fərqləndirən əsas cəhətlər onun çoxsaylı kateqoriyalarda hesabatların bir toxunuşla əldə edilməsi, dərs cədvəllərinin "drag & drop" - çəkib dartma üsulu vasitəsilə tərtibi, tədris materiallarının audio, video və digər formatlarda tələbələrə onlayn əlçatan olması, universitet kontingenti arasında ierarxik sistem üzrə sosial şəbəkə forumlarının aparılması, e-imtahanların keçirilməsi, yazılı imtahan vərəqələrinin barkod oxuma sistemi vasitəsilə insan müdaxiləsi olmadan təşkili və digər innovativ funksiyalara malik olmasıdır.

2014-cü ilin yeni tədris ilində bu sistemin ölkəmizdə ilk dəfə Dövlət Gömrük Komitəsinin Akademiyasında uğurlu tətbiqinə başlanıb.

Bu innovativ sistemin yaratdığı imkanlardan biri də universitetlərdə imtahanların insan müdaxiləsi olmadan tam elektron formatda təşkilidir. Bu yenilik sərgidə iştirak edən Azərbaycan universitetləri ilə yanaşı, həm də xarici mütəxəssislərin böyük marağına səbəb olub.

Təqdim olunan sistem 40-a qədər moduldan ibarətdir. Sistem vasitəsilə tələbə və müəllim heyətinin qeydiyyatı, onların idarə olunması, tədris planlarının, fənlərin dərs cədvəllərinin yaradılması, tələbələrin qiymətləndirilməsi, imtahanların, tələbələr arasında sorğuların keçirilməsi, daxili yazışmaların və forumların, habelə kitabxana işinin və mühasibatlığın aparılması avtomatlaşdırılır və elektron qaydada təşkil olunur. Tələbələr, həmçinin valideynlər, istənilən vaxt və istənilən yerdən fərdi idendifikator və parolları ilə sözügedən tədris idarəetmə sisteminə mobil qaydada daxil olub müvafiq məlumatları əldə edə bilir. Proqram təminatına tələbə və müəllimlərin universitetin inzibati binasına giriş və çıxışları üzrə ağıllı kart sistemi də inteqrasiya edilib. Sistemə bulud texnologiyasına əsaslanan "Microsoft Office" 365 platformasının inteqrasiyası da nəzərdə tutulub.

Yeni sistemin universitetlərimizdə tətbiqi ilə təhsilin bütün mərhələləri informasiyalaşdırılacaq, şəffaflıq tam təmin ediləcək və tədrisin keyfiyyəti yüksələcək. Ölkəmizin bir sıra digər ali təhsil müəssisələri bu innovativ sistemin tətbiqinə maraq göstərib. "Neuron Technologies" şirkəti ilə həmin universitetlər arasında müzakirələrə başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti