...

Azərbaycan neftçilərinə yeni mənzillərin orderləri təqdim edilib (FOTO)

Cəmiyyət Materials 11 Oktyabr 2014 15:07 (UTC +04:00)
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev neftçilərə yeni mənzillərin orderlərini təqdim edib
Azərbaycan neftçilərinə yeni mənzillərin orderləri təqdim edilib (FOTO)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Bu gün neftçilər üçün Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Bünyadzadə və 28 May küçələrində inşa edilmiş 5 ədəd yeni yaşayış binasının istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirak ediblər.

Məlumat verilib ki, binaların tikintisinə 2013-cü ilin yanvarından başlanılıb. Bünyadzadə küçəsi, 7 ünvanında istifadəyə verilən yeni 9 mərtəbəli bina 2 blokdan və 64 mənzildən ibarətdir. Hər biri 32 ədəd olan 2 və 3 otaqlı mənzillərdən ibarət binanın ümumi sahəsi 5945,92 kvadratmetr, yaşayış sahəsi isə 2600,96 kvadratmetrdir. 28 May küçəsində yerləşən 4 ədəd 9 mərtəbəli yaşayış binasının isə ümumi sahəsi 23815,78 kvadratmetdrdir ki, bunun da 10099 kvadratmetri yaşayış sahəsidir. Bu binalarda ümumilikdə 27 ədəd birotaqlı, 97 ədəd ikiotaqlı, 97 ədəd üçotaqlı və 27 ədəd dördotaqlı mənzillər var. Binalar su, elektrik xətti və təbii qazla təchiz edilib. Tam təmirli mənzillər mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunub, binaların həyətində istirahət guşəsi yaradılıb, ətraf abadlaşdırılıb.

Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə uğurla davam etdirilən tərəqqi və inkişaf strategiyasının ölkəmizə möhtəşəm qələbələr bəxş etdiyini söyləyən R.Abdullayev qeyd etmişdir ki, neftçilərin sosial problemlərinin həlli hər zaman diqqət mərkəzində olan məsələlərdəndir və bu sahədə mühüm tədbirlər həyata keçirilir. ARDNŞ-nin idarə və müəssisələrində çalışan işçilərin mənzil problemlərinin həlli istiqamətində görülən işlərdən danışan R.Abdullayev qeyd edib ki, Şirkət bu gün respublikamızda öz əməkdaşlarını növbəlilik əsasında mənzillərlə təmin edən yeganə qurumdur və bu məqsədlə 2010-cu ildən "Neftçi" mənzil-tikinti kooperativi yaradılıb.

Bu gün ARDNŞ üzrə 4407 nəfər işçi mənzil uçotundadır ki, onların da 3966 nəfəri Bakıda, 441 nəfəri isə respublikamızın müxtəlif rayonlarında yaşayır. Kooperativ hazırda yeni mənzillərin tikintisi işlərini sürətlə davam etdirir. Sahil qəsəbəsində inşa edilən yaşayış binasının tikintisi artıq başa çatmaq üzrədir. Bundan başqa, Bakının Bibiheybət və Qaraçuxur qəsəbələrində, eləcə də Məhəmməd Hadi küçəsində yeni binaların inşasına başlanılacağı nəzərdə tutulur.

ARDNŞ-nin prezidenti neftçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Daha sonra R.Abdullayev binaların açılışını bildirən rəmzi qırmızı lenti kəsərək, burada mənzil alan neftçilərə order və açarları təqdim edib, onlara yeni mənzillərində firavan həyat arzulayıb. Yeni binaların sakinləri adından çıxış edən neftçilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və ARDNŞ rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti