...

Bakı Gimnastika Məktəbində "Gimnastika axşamı" keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Oktyabr 2014 20:15 (UTC +04:00)
Bu gün Bakı Gimnastika Məktəbində “Gimnastika axşamı” keçirilib.
Bakı Gimnastika Məktəbində "Gimnastika axşamı" keçirilib (FOTO)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, mübxbir Elçin Mehdiyev/

Bu gün Bakı Gimnastika Məktəbində (BGM) "Gimnastika axşamı" keçirilib.

Trend-in məlumatına görə, "Gimnastika axşamı"nda 4 idman növü - bədii gimnastika, kişi və qadın idman gimnastikası və akrobatika üzrə Qala çıxışlar yerinə yetirilib.

Tədbirdə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, təhsil naziri Mikayıl Cabbarov, fəxri qonaqlar, Azərbaycan Gimnastika Federasiyasının rəsmiləri, bədii gimnastika üzrə milli komandaların məşqçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bakı Gimnastika Məktəbinin direktoru, batut və tamblinq üzrə beynəlxalq dərəcəli hakim Adil Hüseynzadə qonaqları salamayaraq qeyd edib ki, Bakıda gimnastikaya böyük maraq var.

Onun sözlərinə görə, hazırda gimnastika məktəbində 700 nəfər uşaq məşq edir: "Məktəbimizdə beş gimnastika idman bölməsi var - idman və bədii gimnastika, akrobatika, tamblinq və Azərbaycanda yeni açılan gimnastika növü - batut".

A.Hüseynzadə bildirib ki, bütün gimnastika növləri bir-birindən gözəldir: "Bu yaxınlarda bizim gimnastlarımız bir neçə beynəlxalq yarışda iştirak ediblər. İyun ayında idmançılarımız Ramil Dəmirov və Elmir Rüstəmov Voronejdən bürünc medalla Bakıya qayıdıblar. Sentyabr ayında akrobatlarımız Nurcan Cabbarlı və Ağasif Rəhimov Almaniyada çox uğurla çıxış ediblər və qızıl medal qazanıblar. İdman gimnastımız Əli Xəlilov da sentyabr ayında beynəlxalq yarışda iştirak edib. O, Novosibirsk şəhərində qızıl medal qazanıb. Siz hamınız bilirsiniz ki, iyun ayında Bakıda bədii gimnastika üzrə Avropa çempionatı keçirilib və bu yarışda bizim məktəbin idmançısı Aliya Paşayeva iştirak edərək qrup hərəkətlərində gümüş medal qazanıb. Biz hamımız onlarla çox fəxr edirik və inanırıq ki, onlar Avropa, dünya çempionatlarında və Olimpiya Oyunlarında daha yüksək nəticələrlə bizi sevindirəcəklər".

Daha sonra Qala konsertə start verilib, Gimnastika Məktəbinin yeniyetmələri və Azərbaycan milli komandalarının üzvləri öz məharətlərini nümayiş etdiriblər.

Qala konsertin sonunda Bakı Gimnastika Məktəbi ilin nəticələrinə görə fərqlənən bir neçə yetirməsini xüsusi mükafatlarla təltif edib.

Azərbaycanın qrup hərəkətləri yığma komandasının üzvü, 2014-cü il Avropa vitse-çempionu Aliya Paşayeva "Ən yaxşı qadın gimnast", bu yaxınlarda Rusiyada keçirilən beynəlxalq turnirin mütləq qalibi Əli Xəlilov "Ən yaxşı ümidverici gimnast", akrobatika üzrə Azərbaycan milli komandasının baş məşqçisi İradə Qurbanova "Ən yaxşı məşqçi", dünyada həm qadın, həm də kişilər arasında yeganə beynəlxalq dərəcəli hakim Rza Əliyev "Ən yaxşı hakim" mükafatlarına layiq görülüblər.

Bakı Gimnastika Məktəbi tərəfindən təsis edilən mükafatları təhsil naziri M.Cabbarov, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti A.Həsənov, Federasiyanın baş katibi Fərid Qaibov və BGM-in direktoru A.Hüseynzadə təqdim ediblər.

Qala konserti bağlı elan edən təhsil naziri M.Cabbarov qeyd edib ki, son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük inşaat işləri görülür. Nazir bildirib ki, son 10 ildə 3 minə yaxın məktəb, təhsil müəssisəsi ya yenidən təmir olunub, ya da tikilib: "Təsadüfi deyil ki, bu gün biz Bakı Gimnastika Məktəbinin yenilənmiş simasının şahidiyik. Təbii ki, bütün görülən işlər dövlət başçısının siyasətindən irəli gəlir və bu işlərin hər bir istiqamətdə davam etdirilməsi zəruridir".

M.Cabbarov deyib ki, BGM-in çox zəngin ənənələri var və fəxr ediləsi nailiyyətləri çoxdur: "Məktəbin məzunları arasında qitə, dünya, Avropa, Olimpiya çempionları və mükafatçıları var. Lakin bugünkü çıxışları izləyərək, məktəbdə çalışan müəllimlərlə, rəhbərliklə ünsiyyətdə olaraq, mən əminliyimi ifadə etmək istəyirəm ki, məktəbin ən böyük uğurları gələcəkdədir. Ümid edirəm və inanıram ki, bu gün gördüyümüz balalarımız, iştirakçılarımız arasında sabahın çempionları və Azərbaycanın bayrağını ucaldan idmançılarımız var".

Nazir onu da vurğulayıb ki, gimnastikanın populyarlaşdırılması, son illərdə Azərbaycanda çox popular bir idman növünə çevrilməsi hər kəsə məlumdur: "Burada Azərbaycanın birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın rolu xüsusi olaraq vurğulanmalıdır".

Sonda nazir BGM-in müəllimlərinə və məşqçilərinə minnətdarlığını bildirib, şagirdlərə isə uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti