...

Azərbaycanda dövlət qulluğu vəzifələrində işləmək üçün fürsət

Cəmiyyət Materials 16 Oktyabr 2014 16:17 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2014-cü il 17 oktyabr tarixindən 24 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 451 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə və ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edib.
Azərbaycanda dövlət qulluğu vəzifələrində işləmək üçün fürsət

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2014-cü il 17 oktyabr tarixindən 24 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 451 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə və ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edib.

Komissiyadan Trend-ə verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 422-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 16-sı isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 12-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 1-i isə apellyasiya məhkəmə orqanının aparatındadır. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:

- dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə test proqramı - 15 test tapşırığı;
- qanunvericilik sahəsində - 40 test tapşırığı;
- informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;
- məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.

Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 17 oktyabr 2014-cü il tarixdən 17 noyabr 2014-cü il tarixdə saat 18:00-dək Komissiyaya təqdim etməlidirlər. Müraciət Forması elektron, şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə sənədlərini 17 oktyabr 2014-cü il tarixdən 5 noyabr 2014-cü il tarixdə saat 18:00-dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.

Müsabiqə və ümumi müsahibəyə dair ətraflı məlumat "Respublika" qəzetinin 17 oktyabr 2014-cü il tarixli sayında və 17 oktyabr 2014-cü il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında (www.dqmk.az) veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti