Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İlkin İzzət/
"Azərbaycanda sünnilərlə şələr arasında qarşıdurma yaratmaq istəyən bəzi qüvvələr var. Onlar hələ ki, buna məscidlərdən başlayırlar. Lakin onlara şərait yaradılsa, sonra bütün ölkədə başqa ixtişaşlar yaradarlar". Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bu gün keçirilən QMİ Qazılar Şurasının iclasında bildirib.
A.Paşazadə sünni imamları və şiə axundlarına bu məsələdə ciddi şəkildə ehtiyatlı olmağı, eləcə də keçirilən mərasimlərdə moizələrinə diqqət yetirməyi tövsiyə edib.
QMİ sədri deyib ki, bu dövləti qorumaq bizim hər birimizin borcudur: "Bu gün Azərbaycan inkişaf edib, dünyada tanınmış dövlətlərin birinə çevrilib. Multikulturalizm Mərkəzi, Bilik Fondunun yaradılması müsbət irəliləyişlərdir. Ola bilməz ki, dövlətdə 100 faiz hər şey yaxşı olsun. Lakin bizim həqiqətən də xoşbəxtliyimiz ondadır ki, bizim belə bir dövlətimiz və dövlət başçımız var. Bu dövlətin təməli imanla qoyulub və inşallah gələcəkdə də belə olacaq".
Şeyxülislam bildirib ki, imam və axundların camaat arasında Vətəni qorumaq, onu müdafiə etmək üçün təbliğatları mühüm rol oynayır: "Bizim birliyimiz və tolerantlığımız aramızda qarışıqlıq yaratmaq istəyənlərin niyyətini puça çıxaracaq".
A.Paşazadə bölgədə hamını qorxu altında saxlayan və İslam dininin adından istifadə edərək terror əməlləri törədən "İslam Dövləti" probleminə də toxunub: "İŞİD-çilər "Allahu Əkbər!" deyərək insanların başını kəsirlər. Mən anlamıram, "Allahu Əkbər!" deməklə insanın başını necə kəsmək olar? Bu, Qərb dövlətlərinin və onların bölgədəki köməkçilərinin yaratdıqları qüvvələrdir".
Onun sözlərinə görə, Azərbaycanda da bu cür qarışıqlıqlar, dini iğtişaşlar yaratmaq istəyənlərə imkan verilməyəcək: "Biz bir-birimizə arxa olsaq, heç kim bizə təsir edə bilməz".
Qeyd edək ki, iclasda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Rusiyadan, Dərbənddən gələn din xadimləri, nümayəndələr və digər şəxslər də iştirak ediblər.