Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İlkin İzzət/
Oktyabrın 23-də saat 12.00 radələrində "Azneft" İstehsalat Birliyi N.Nərimanov adına Neftqazçıxarma İdarəsinin (NQÇİ) ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş verib.
Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb, meydançanın üstündən keçən 700 diametrlik boru kəməri qırılıb və yanğın baş verib. Saat 12:45 radələrində yanğın söndürülüb.
Uçqun zamanı ərazidə cəmi 41 nəfər işçi olub. Hadisə baş verəndən dərhal sonra qəza xilasetmə briqadası tərəfindən görülən operativ tədbirlər nəticəsində 37 nəfər ərazidən çıxarılaraq "Orion-15" və "PSK-52" gəmiləri vasitəsi ilə sahilə gətirilmişdir.
İşçilərin arasında müxtəlif səviyyəli xəsarət alan şəxslərə lazımi tibbi yardım göstərilir. Hazırda dənizə düşməsi ehtimal olunan 4 nəfərin axtarışı davam etdirilir. Nəticə barədə əlavə məlumat veriləcəkdir.
Hadisənin araşdırılması məqsədi ilə xüsusi komissiya yaradılmışdır.