Azərbaycan, Bakı, 5 noyabr /Trend/
Azərbaycanda peşə təhsili sahəsi üzrə Milli İxtisas Çərçivəsinin (MİÇ) tətbiqi ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub və NK təsdiq etdikdən sonra yeni MİÇ tətbiq ediləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
Onun sözlərinə görə, yeni texnologiyaların tətbiqi, yeni inkişaf meyilləri peşə ixtisaslarında da dəyişikliklər edilməsini, onların standartlarının müasir tələblərə cavab verməsini tələb edir. Hazırda yeni peşə ixtisaslarının yaradılması istiqmətində Təhsil Nazirliyi tərəfindən iş aparılır.
Nazir müavini qeyd edib ki, hazırda 200 mövcud peşə ixtisası üzrə dövlət standartı hazırlanıb və bu iş davam etdiriləcək. Avropa nümunələri təhlil edildikdən sonra Azərbaycanın təhsil sistemində də yeni peşə ixtisaslarının yaradılacağı gözlənilir.
F.Qurbanovun sözlərinə görə, Azərbaycanda bəzən peşə sahəsi üzrə kadrların səviyyəsi müasir tələblərə cavab vermir. Ona görə də çox vaxt onlar ya iş yerlərini müəyyən edə bilmirlər, ya da işəgötürənlər onların bilik və bacarıqlarının səviyyəsindən razı olmurlar. Belə halları aradan qaldırmaq üçün təhsildə müəyyən tədbirlər görülməlidir: "İnsan kapitalını şərti olaraq iki hissəyə bölmək olar. Birincisi, insanların təhsil aldığı tədris müəssisələri, yəni, biliklərin əldə olunması ilə bağlıdır. İkinci əsas hissə isə, istehsalatda formalaşan vərdiş və bacarıqlardır. Peşə təhsilinin əsas məqsədlərindən biri də məhz təhsil müəssisələrində peşə vərdiş və bacarıqlarının formalaşmasıdır. Son dövrdə peşə təhsilində müəyyən çətinliklər mövcuddur. Bu çətinliklər ondan ibarətdir ki, texnologiyaların inkişafı, istehsal prosesində innovasiyaların tətbiqi tələb edir ki, hazırda hazırlanan kadrların bilik və bacarıqları bu inkişafa uyğun olsun. Amma təəssüf ki, bəzən kadrların səviyyəsi müasir tələblərə cavab vermir".