Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Avropa mediasında Azərbaycanla bağlı materiallar üçün başlıca cəhət balansın gözlənilməməsidir. Azərbaycan Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, bunu bu gün Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəvətilə ölkəmizdə səfərdə olan Almaniya və Böyük Britaniya jurnalistləri və media ekspertləri ilə görüşdə Humbolt Universitetinin AvroQafqAsiyaTəşkilatının nümayəndəsi Yeva Mariya Aux deyib.
O, bu baxımdan Almaniya mediasındakı xarakterik cəhətləri sadalayıb və hesabatda belə məqamlara elmi nöqteyi-nəzərdən sistemli şəkildə yanaşıldığını vurğulayıb.
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirib ki, 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında yaradılmış Mətbuat Şurasının əsas missiyası media-ictimaiyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən ibarətdir: "Mövcud xüsusda həyata keçirilən ən mühüm iş müxtəlif vətəndaş qruplarının kütləvi informasiya vasitələrində dərc olunmuş materiallarla bağlı şikayətlərinin araşdırılmasıdır. Şura eyni zamanda söz və ifadə azadlıqları, jurnalist peşəkarlığının artırılması məsələlərinə önəm verir. Bu istiqamətdə müxtəlif beynəlxalq təşkilatlarla da intensiv əməkdaşlıq edirik".
MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan mediasındakı bəzi xarakterik cəhətlərə diqqət çəkib. MŞ İdarə Heyətinin digər üzvü, Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət çıxışında Azərbaycan həqiqətlərinin dünya mediasında yayılması ilə əlaqədar bəzi mənfi meyllərdən danışıb, belə halların aradan qaldırılması üçün qarşılıqlı əməkdaşlığın zəruriliyini önə çəkib.
Birmingem Universitetinin Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzinin təmsilçisi Qalina Yemelyanova tədqiqat işinin Britaniya mediası ilə əlaqədar istiqamətindən bəhs edib. O, xüsusən də Xocalı həqiqətlərinə yanaşmada bu ölkə KİV-lərinin balanslaşdırılmış xətt tutmadıqlarına dair müəyyən məqamların olduğunu açıqlayıb.
Görüşdə Almaniyanın ARD radiosunun əməkdaşı David Qössmanın və müstəqil jurnalist Birgit Vezzelin Mətbuat Şurasının fəaliyyəti, eləcə də Azərbaycan mediası ilə bağlı sualları cavablandırılıb. Müzakirələr gedişində Azərbaycanın zaman-zaman ikili standartlar siyasətindən zərər çəkdiyi qeyd edilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Almaniya və Böyük Britaniya mediasında işıqlandırılımasına dair hesabatların mövcud istiqamətdəki xoşagəlməz təmayüllərin aradan qaldırılmasında əsaslı rol oynayacağına əminlik ifadə olunub.