Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası dekabr ayında Yür kürəsinin zülmətə bürünməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
Rəsədxanın Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov Trend-ə deyib ki, belə məlumatlar əhalini təşvişə salmaq məqsədilə ABŞ-ın Aerokosmik Agentliyinin adından yazılır.
N.Cəlilov bildirib ki, Günəşdə partlayışların baş verməsi və nəticədə Yerin qaranlığa qərq olması barədə proqnozların xeyli əvvəldən verilməsi mümkünsüzdür: "Günəşin aktivliyini və bu prosesin Yerə təsirini, baş verən plazma axınlarının gücünü, onların Yerə yönəlib-yönəlməyəcəyini uzağı 3 gün əvvəl demək olar. Buna görə də bunu yalan informasiya sayıram".
Qeyd edək ki, xarici ölkə saytlarının ABŞ-ın Aerokosmik Agentliyinə istinadən yaydığı məlumata görə, dekabrın 16-dan 22-dək güclü maqnit qasırğasının baş verməsi ilə əlaqədar Yer kürəsi zülmətə bürünəcək.