...

"Ordusuna güvənən xalq yenilməz olur"

Cəmiyyət Materials 9 Dekabr 2014 17:53 (UTC +04:00)
Bu gün Bakıda Müdafiə Nazirliyinin təşkilatçılığı ilə "Ordu xalqın, xalq ordunun dayağı" adı altında hərbi-vətənpərvərlik gecəsi keçirilib.
"Ordusuna güvənən xalq yenilməz olur"

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir İlkin İzzət/

Bu gün Bakıda Müdafiə Nazirliyinin təşkilatçılığı ilə "Ordu xalqın, xalq ordunun dayağı" adı altında hərbi-vətənpərvərlik gecəsi keçirilib.

Trend xəbər verir ki, tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin yad edilməsi və Dövlət himninin oxunması ilə başlayıb.

Tərdbirdə ulu öndər Heydər Əliyevin Azərbaycanda ordu quruculuğu sahəsində əvəzsiz xidmətlərindən, onun Silahlı Qüvvələrimizə qayğı və dəstəyindən, eləcə də müasir Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Mərasimdə çıxış edən Müdafiə Nazirliyinin Hərbi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani bildirib ki, ordusuna güvənən xalq yenilməz və xoşbəxt olur: "Xalq və ordu birliyi hər ikisini qüdrətli edir. Şadam ki, Azərbaycanda xalqına arxalanan ordumuz, ordusuna güvənən xoşbəxt xalqımız var".

O bildirib ki, müasir Azərbaycan dövlətinin memarı və banisi, ümummilli lider Heydər Əliyev həm də müasir Silahlı Qüvvələrimizin qurucusudur. Bildirilib ki, hazırda ölkədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında xalqla ordunun mənəvi birliyi təmin edilib.

Mərasimdə çıxış edən müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev iştirakçıları müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından salamlayıb.

O, tədbir iştirakçılarına bayram əhvali-ruhiyyəsi yaratdıqlarına görə minnətdarlığını bildirib: "Bu gün bir daha ordu ilə xalqın birliyi nümayiş etdirildi. Buna görə hamınıza təşəkkür edirəm!"

Tədbirdə çıxış edən keçmiş müdafiə naziri, Veteranlar Şurasının sədri, general-mayor Dadaş Rzayev qeyd edib ki, ilk növbədə, gənclərin həbri-vətənpərvərlik ruhunda tərbiyəsi prioriet məsələlərdəndir. Biz veteranlar da bu məsələdə əlimizdən gələni edəcəyik.

Mərasimdə söz alan Milli Məclisi İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə və Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildiriblər ki, ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra ordu quruculuğu yeni vüsət aldı. İndi isə ordumuz Cənubi Qafqazın ən güclü ordusudur.

Mərasimdə qeyd edilib ki, Ordumuz Ali Baş Komandanın əmri ilə hər an torpaqlarımızı işğaldan azad etməyə hazırdır: "Ordumuz tərəfindən cəbhə bölgəsində kəşfiyyat-diversiya qruplarının zərərsizləşdirilməsi, düşmənin təxribatlarının qarşısının alınması, onlara layiq olduqları cavab verilməsi Silahlı Qüvvələrimizin gücündən xəbər verir. Cəbhə bölgəsində Ermənistan helikopterinin vurulması düşmənə ibrət dərsi olmalıdır".

Sonra gecədə Azərbaycanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə hərbi-vətənpərvərlik ruhunda konsert proqramı nümayiş olunub.

Qeyd edək ki, təntənəli gecədə Müdafiə Nazirliyinin rəhbərliyi, Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, millət vəkilləri, Qarabağ və Əfqanıstan müharibəsi veteranları, kursantlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti