...

Cəbhə xətti: "Biz su istəyirik…!" (FOTO)

Cəmiyyət Materials 23 Dekabr 2014 15:19 (UTC +04:00)
Azərbaycanın ermənilər ilə tarix boyunca yaşadığı imtahanı yalnız itirilmiş torpaqlardan ibarət deyil.
Cəbhə xətti: "Biz su istəyirik…!" (FOTO)

Cihangir Yılmaz

Azərbaycanın ermənilər ilə tarix boyunca yaşadığı imtahanı yalnız itirilmiş torpaqlardan ibarət deyil. Ermənilər tərəfindən illərdir zəbt edilən torpaqlar ilə yanaşı, minlərlə günahsız vətəndaş beynəlxalq müharibə meyarlarına zidd şəkildə qətl edildi. Bir milyondan çox Azərbaycan xalqı öz yurdundan köç etmək məcburiyyətində qaldı. Bütün bu mənfi xüsusiyyətlərə baxmayaraq, ermənilərin soyqırım zehniyyəti bitmədi, strategiya dəyişdirdi!

10 dekabr - "Beynəlxalq İnsan Hüquqları" günü münasibətilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), "İnsan Hüquqları XXI əsr" - Azərbaycan Fondu və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə birgə işçi qrupu "Sərsəng harayı" layihəsi çərçivəsində "Sərsəngə yürüş" adlı aksiya təşkil etdilər. Aksiya çərçivəsində İran, Sudan, İordaniyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri və jurnalistlərlə birlikdə cəbhə xəttinə 50 kilometr məsafədə yerləşən Tərtər rayonuna getdik.

Bölgəyə çatdıqda tarix səhifələrində soyqırımçı olaraq anılan ermənilərin Tərtər və ətrafdakı xalqa qarşı soyqırım zehniyyətinin bitmədiyinin yenidən şahidi olduq. Müharibə və soyqırım anlayışının silahsız, gülləsiz, çirkin üzü ilə strategiya dəyişdirərək davam etdirildiyinə şahid olduq. "Yavuz oğru"nun ev sahibi qarşısında həyata keçirdiyi hiyləgərliyə şahid olduq. Erməni işğalçılarının bir qaşıq suda boğmaq istədiyi günahsız vətəndaşları su ilə imtahana çəkdiyinə şahid olduq. İşğalçıların beynəlxalq bəyannamələri görməzdən gəlib, su kimi həyati ehtiyac arqumentini, insan haqq və hüquqlarını heçə sayaraq, cəbhə bölgəsində ağır şərtlər altında həyat mübarizəsi aparan yerli əhalini canlı-canlı yox etmək əməllərini davam etdirdiyinə şahid olduq.

Ermənilər tərəfindən işğal edilmiş torpaqlara və qətlə yetirilmiş yüzlərlə azərbaycanlının olmasına baxmayaraq, "Biz sülh istəyirik" - deyə, üsyan edən Tərtər sakininin fəryadının altındakı mesajı oxumağa çalışdıq. Bu kəlmənin dərhal arxasındakı həyati istəyə söykənən o mesaj tökülürdü bölgə xalqının dilindən - "Biz su istəyirik". Bu fəryadı doğru anlamaq üçün Tərtərin sosial yaşam çarəsizliyini görmək və orada yaşadılan haqsızlıqları iliklərə qədər hiss etmək lazımdır.

"Biz sülh istəyirik", "Biz su istəyirik" - bir-birinə çox yaxın iki deyimdir. Hər iki deyimdə ermənilər tərəfindən sudan məhrum edilmiş bölgə xalqının çarəsizliyini ortaya qoyarkən, dinləyəni də iliklərinə qədər çarəsiz buraxır. Xalq "Biz sülh istəyirik" dedikdə, "Bizim varlıq səbəbimiz torpağımızdır. Torpağımız bizə nə verirsə, bizim varlıq səbəbimiz məna qazanır" - deyir. "Biz su istəyirik"- deyərkən isə "Bizim yaşamağımız üçün torpağımıza, torpağın verdiyi nemətlərə qovuşa bilməyimiz üçün də suya ehtiyacımız var" - deyir.

Bölgədə olan 7 rayonun xalqı, əsasən, heyvandarlıq və kənd təsərrüfatı yolu ilə dolanır. Taxılçılıq və heyvandarlıq üçün ən vacib ehtiyac sudur. Buna baxmayaraq, bölgənin su ehtiyacının qarşılandığı Sərsəng su anbarı 1992-ci ildən etibarən ermənilərin nəzarətində qalıb. Ermənilər bölgənin ehtiyacını qarşılayan Sərsəng su anbarından gələn suyu xalqın əraziləri əkib-biçdiyi, suya ən çox ehtiyacı olan yaz və yay aylarında kəsir. Qismən az ehtiyac duyulan qış aylarında isə suyun birdən buraxılması təsərrüfatı daha da iflic vəziyyətə salır. 400 mindən çox insan ekoloji terrorun qurbanı olur. Ermənilərin sistematik zülmü qarşısında bölgə xalqı yaz və yay aylarında 30 min hektar torpağını sulaya bilmək üçün quyular qazır, lakin qazılan quyulardan əldə edilən su ehtiyacı qarşılamır, tam əksinə, torpağa mənfi təsir göstərir.

Digər vacib nöqtə isə bölgə xalqının sağlamlıq problemidir. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təşkil etdiyi mətbuat konfransında iştirak edən tibb işçisi son illərdə şəkər xəstəliyi başda olmaqla, müxtəlif xəstəliklərin geniş şəkildə artmağa başladığını qeyd etdi. 5-10 yaş arası uşaqlarda şəkər xəstəliyinin aşkar olduğunu, qüsurlu doğulan və ana bətnində məhv olan uşaq sayının hər keçən gün artdığını ifadə etdi. Tibb işçisinin ifadəsi tükürpədicidir. Bu ifadədən sonra M.Məmmədova Sərsəng su anbarından gələn suyun analiz edilməli olduğunu bildirdim. Ümid edirəm, Sərsəng su anbarından gələn suyun analizi tez-tez edilər və bölgə xalqı üçün qarşıdakı müddətdə dəhşətli nəticələr doğurmaz.

Toplantıda iştirak edən, bölgənin ağsaqqalı kimi tanınan 80 yaşlardakı şəxsin dedikləri qanımızı dondurdu. İllərdir yaşanılan problemlərin şahidi olan kənd sakininin dediklərinə görə, qayda-qanun bilməyən soyqırımçı və işğalçı ermənilər etdiyi zülmlə birlikdə "Sərsəng su anbarını partladacağıq, hamınız su altında qalacaqsınız" - deyərək, bölgə xalqını təhdid edirmiş.

Dünyada tarix boyunca müharibələrə, müharibədən sonrakı mənzərəyə baxdıqda, savaşlar savaşı çıxaran və döyüşən tərəflərdən daha çox qarşıdurmanın ortasında qalmış vətəndaşlara təsir edib. Müharibənin doğurduğu zərərin bədəlini canları ilə, malları ilə daha çox vətəndaşlar ödəyib. Cəbhə xətti yaxınlarında yaşayan Tərtər xalqı tarix boyunca ödənən bədəli olduğu kimi, burada da suya, torpağa və dolayısilə ətə, sümüyə sirayət edən bədəli ödəyir.

Bölgə xalqı yaşadıqları bu zülmün bitməsi üçün səlahiyyətlilərə 5 mindən çox şikayət məktubu yazıb. Edilən müraciətlərdə, minlərlə hayqırışlarda tək mesaj var: "Biz yaşamaq istəyirik, yaşamaq üçün qazanmaq istəyirik, qazanmaq üçün məhsul istəyirik, məhsul üçün su istəyirik. Biz zərər çəkənik, pis vəziyyətdəyik".

Azərbaycan ilə Ermənistan arasındakı müharibə vəziyyəti aktiv olaraq davam etməsə də, ortada rəsmiyyət qazandırılmış sülh, ya da razılaşma yoxdur. İki ölkə tərəfindən beynəlxalq hakim nəzarətində, zəmanət altına alınmış razılıq olmadığı üçün beynəlxalq diplomatiya anlayışına görə, müharibə vəziyyəti davam edir. Bu halda, hər 2 tərəfin pozuntuları Birləşmiş Millətlər Təşkilatının bəyannamələri, Lahey qanunları, Cenevrə Müqaviləsi, Beynəlxalq Cəza Hüququ, Beynəlxalq Cəza Məhkəmələri qanunları çərçivəsində dəyərləndirildiyində beynəlxalq razılaşmalara görə hökmlülüyü vardır. Yəni Azərbaycan, ya da Ermənistan - müharibə qaydalarının xaricində həyata keçirdiyi kehfinə görə davranış və pozuntular həyata keçirən tərəfi beynəlxalq sahədə məsul edər.

Azərbaycan və Ermənistanın üzvü olduğu Birləşmiş Millətlər Təşkilatının da tərəf olduğu Beynəlxalq Cəza Hüququ müharibə günahı və qanunlarını təsvir edərkən, cizgiləri çox dəqiq şəkildə təyin edib. Beynəlxalq Cəza Məhkəməsinin vəzifə sahəsinə girən, Lahey qanunlarında və Cenevrə Müqavilələrinin qanunlarının protokolunda, beynəlxalq hüquq əsasına görə, vətəndaşlara təsir edən müharibə pozuntuları müəyyən edilib. Birləşmiş Millətlər Təşkilatı müharibə və sonrakı müddətdə meydana gələcək cinayətləri bu ifadələrlə müəyyən edir.

Müharibə cinayəti: hərbi, ya da sivil, insan, ya da insanların müharibə qanunları pozuntuları üçün beynəlxalq cəza hüququ çərçivəsində cəzalandırıla biləcəyi cinayətdir. Dövlətlərarası qarşıdurmalarda müharibə qanunlarının hər pozuntusu bir müharibə cinayəti sayılmaqdadır. Müharibə əsirlərinə və sivillərə qarşı pis davranmaq da müharibə cinayəti təşkil edən davranışlar arasında yer alır. Müharibə cinayətləri, kütləvi qətliam və soyqırım hadisələrinin bir parçası olmasına baxmayaraq, bu tip cinayətlər ümumi olaraq beynəlxalq insan hüququ çərçivəsində insanlığa qarşı cinayətlər əhatəsinə daxil olur.

Beynəlxalq qanunlar doğru həyata keçirildiyi halda, vətəndaşlara qarşı ən kiçik laqeydliyi gözardı etmir. Azərbaycanın dövlət səlahiyyətliləri cəhdləri ilə Tərtər və ətraf rayonlarda yaşanılan bu problemin laqeydlik və pozuntularını təyin edərək, beynəlxalq miqyasa daşımalıdır. Birləşmiş Millətlər Təşkilatının nəznində diplomatik işlər görülməli, Birləşmiş Millətlər Təşkilatı üzvü ölkələrə, bölgə xalqının var olan müraciətləri ilə yaradılacaq sübutlarla ziyanın ölçüsü izah edilməlidir. Lazım gələrsə, Birləşmiş Millətlər Təşkilatının nəzarətində bölgədə araşdırmalar aparılmaq üzrə komissiya qurulması təklif edilməli və yaşanılan problemlərə insanlıq adına təcili həll yolu tapılmalıdır.

İnsanlar və cəmiyyətlər həyati haqlarından və ehtiyaclarından məhrum edilə bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti