...

Azərbaycanda hərbi qulluqçulara kompensasiyanın ödənilməsi qaydası və məbləği müəyyən edildi

Cəmiyyət Materials 2 Yanvar 2015 10:01 (UTC +04:00)
1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydası və məbləği müəyyən edilib.
Azərbaycanda hərbi qulluqçulara kompensasiyanın ödənilməsi qaydası və məbləği müəyyən edildi

Azərbaycan, Bakı, 2 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydası və məbləği müəyyən edilib.

Trend-in Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinin qərarına əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması üçün 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək dövr əsas götürüləcək.

1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, onlara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə veriləcək kompensasiyanın məbləği həqiqi hərbi xidmətdə olduğu dövrdə sonuncu vəzifə üzrə 2010-cu il 12 iyun tarixinə qüvvədə olan vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləğini ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölməklə və alınmış məbləği istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla müəyyən ediləcək.

Qərara əsasən, Müdafiə Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Milli Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətə, Xüsusi Dövlət Mühafizə Xidmətinə tapşırılıb və Hərbi Prokurorluğa tövsiyə edilib ki, 2010-cu il 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun həmin tarixə xidmətdən buraxıldığı ştat vəzifəsi mövcud olmadıqda, 2010-cu il 12 iyun tarixində qüvvədə olan vəzifələrə bərabər müvafiq uyğunlaşdırılma aparılmaqla, kompensasiyanın bu qərarın 2-ci hissəsində nəzərdə tutulmuş qaydada hesablanmasını təmin etsinlər.

Bundan əlavə, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya hesablanarkən, hər bir konkret halda hərbi qulluqçunun vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ilə əlaqədar qeydiyyatı aparılan haqq-hesab sənədləri üzrə araşdırma apararaq onların həmin dövrdə növbəti məzuniyyətdən istifadə edib-etməmələri və buna görə ödəmələrin verilməsi halları nəzərə alınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti