...

Milli Təhlükəsizlik Nazirliyində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilib

Cəmiyyət Materials 19 Yanvar 2015 15:40 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilib.
Milli Təhlükəsizlik Nazirliyində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilib

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Milli Təhlükəsizlik Nazirliyində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilib.

Nazirliyin İctimai Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata görə, general-polkovnik Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər. Vətənimizin azadlığı uğrunda canlarından keçmiş təhlükəsizlik orqanlarının şəhid əməkdaşlarının xatirəsi də ehtiramla yad olunmuşdur.

Sonra Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti adından "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyulmuşdur.

Anma mərasimi MTN-in Heydər Əliyev adına Akademiyasında davam etdirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları Akademiyanın akt zalının foyesində 1990-cı ilin 20 Yanvar hadisələrini əks etdirən fotosərgi ilə tanış olmuşlar. Anım tədbiri açıq elan edildikdən sonra ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət himni səsləndirilmişdir.

Akademiya rəisinin müavini, general-mayor İsgəndər Allahverdiyev 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanın azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışmışdır. Bildirmişdir ki, 20 yanvar Azərbaycan tarixinə qanla yazılmış bir səhifədir və müdrik xalqımız həmin faciənin 25-ci ildönümünü ehtiramla yad edir. Bu tarix Azərbaycanın milli azadlıq savaşının zirvəsi, milli düşüncənin oyanış günüdür. Eyni zamanda, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın öz müstəqilliyi və suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Ulu öndər Heydər Əliyev haqlı olaraq qeyd etmişdir ki, həmin hadisə bizim üçün təkcə faciə deyil, həm də xalqın milli azadlıq hərəkatının ölməzliyini göstərən amil, soydaşlarımızın ürəyində yüz illərdən bəri yaşayan milli dövlət qurmaq istəyinin reallaşdırılması yolunda atılan əsaslı addımlardan biri kimi qəbul edilməlidir.

Bu faciəni törətməklə totalitar sovet rejimi özünün cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirmişdir. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq. Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanlarımızın vəhşicəsinə qətlə yetirilməsi xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə qüdrətini bütün dünyaya bəyan etdi. Məhz bu fədakarlıq və iradə sayəsində xalqımız müqəddəs arzusuna çatdı, azadlığına qovuşdu. Azərbaycan qısa müddət ərzində müstəqil, sürətlə inkişaf edən dövlət kimi dünya birliyində özünün layiqli yerini tutmağa nail oldu.

Azərbaycan xalqı o günlərdə böyük bir gerçəyi - meydanda həqiqi liderin olmamasını bütün mahiyyəti ilə dərk etdi. Xalqının səsinə hər kəsdən əvvəl səs verən elə Heydər Əliyev oldu.

İ.Allahverdiyev baş vermiş qanlı olaylardan dərhal sonra Vətənini və xalqını sonsuz məhəbbətlə sevən ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətini xüsusi qeyd etmişdir. Ümummilli liderimizin Moskvada nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi. Qoşunların Bakıdan çıxarılmasını tələb etdi və o vaxtki SSRİ rəhbərliyini kəskin ittiham etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatını həm də faciəyə verilən ilk siyasi qiymət idi, özü də imperiyanın mərkəzində.

İ.Allahverdiyev qeyd etmişdir ki, məhz ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra onun təşəbbüsü ilə ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verilmişdir. Ümummilli liderin şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinə hər cür yardım və kömək üçün imzaladığı sərəncamlar Azərbaycanın azadlığı uğrunda canlarını qurban vermiş insanların xatirəsinə böyük ehtiramın bariz nümunəsi idi.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan böyük uğurlara imza atdığını bildirən İ.Allahverdiyev, dövlət başçısının müdrik və çoxşaxəli fəaliyyətində tarixilik və müasirlik amilini əsas tutaraq milli-mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanılması və inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini qeyd etmişdir. Bu gün dövlətimiz tərəfindən müstəqilliyimizin əldə olunmasında, qorunub saxlanılması və möhkəmləndirilməsində rolu olan insanlara xüsusi qayğı ilə yanaşılır.

Gündən-günə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənir, ölkəmiz sürətlə inkişaf edir, qüdrətlənir. Ordumuz gücləndikcə torpaqlarımızın erməni işğalından azad ediləcəyi gün yaxınlaşır. Bu gün Azərbaycan gənclərinin qarşısında duran vəzifələr bəllidir. Şəhidlərin müqəddəs qanının yerdə qalmaması üçün hər bir azərbaycanlı gənc öz üzərində daim çalışmalı, Vətənə layiqli övlad olmaq üçün bütün qüvvə və bacarığını əsirgəməməlidir. Yalnız bu halda əziz şəhidlərimizin ölməz ruhları qarşısındakı mənəvi borcunuzu yerinə yetirmiş olarsınız.

Tədbirdə çıxış edən dinləyicilər və kursantlar da 20 Yanvar faciəsi ilə bağlı daşışaraq, Azərbaycanın müstəqilliyi, dövlətimizin daha da qüdrətli olması naminə bilik və bacarıqlarını əsirgəməyəcəklərini, Ali Baş Komandan İlham Əliyevin hər bir əmrini dərhal və qüsursuz yerinə yetirməyə hazır olduqlarını bildirmişlər.

Mərasimin sonunda 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti