...

Qida məhsullarının təhlükəsizliyi yenidən müzakirə edildi (FOTO)

Cəmiyyət Materials 23 Yanvar 2015 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə AMEA İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayevanın respublikanın altı rayonunu əhatə edən videomühazirəsi keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, "Qida məhsullarının təhlükəsizliyi sağlam həyatın təminatıdır" mövzusunda olan mühazirədə İnsan Hüquqları İnstitutunun əməkdaşları - Aida Bəndəliyeva, İsmət Əhmədov, Sumqayıt, Lənkəran, Şəki, Şamaxı, Mingəçevir və Bərdə rayonlarından olan ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qidalanmada genetik modifikasiya olunmuş məhsullardan istifadənin aktual mövzu olduğunu qeyd edən A.Mustafayeva sağlam həyat tərzinin vacib və fundamental əsası olan sağlam qidalanmadan, ərzaq məhsullarının təhlükəsizliyinə qoyulan tələblərdən bəhs edib. Onun sözlərinə görə, genetik modifikasiya olunmuş orqanizmlərin yetişdirilməsi və qidalanmada istifadə edilməsi bir çox risklərlə müşayiət olunur. Bu tip məhsullardan nəzarətsiz istifadənin gələcəkdə gözlənilməz nəticələrə gətirib çıxara biləcəyini vurğulayan A.Mustafayeva onu da qeyd edib ki, təbiətdə də insan sağlamlığı üçün təhlükəli qidalar mövcuddur. Genetik modifikasiya olunmuş bütün orqanizmlərin dükanlara və istehlakçılara çatdırılmazdan öncə elmi-tədqiqat müəssisələrində yoxlanılması vacibdir.

Mühazirədə iştirak edən AMEA İnsan Hüquqları İnstitutunun əməkdaşlarının fikrincə, GMO məhsullarının məhdudlaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın və 2001-ci ildə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi üzrə Dövlət Proqramı"nın icrası istiqamətində aparılan maarifçilik işləri qida təhlükəsizliyi sahəsində zəruri addımdır. Bilik Fondu bu sahədə səmərəli işlər görür.

Mühazirəyə qatılan rayon sakinləri onları maraqlandıran sualları onlayn formada ekspertlərə ünvanlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti