...

Səttar Mehbalıyev Rusiyada bir sıra təkliflər irəli sürdü (FOTO)

Cəmiyyət Materials 9 Fevral 2015 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının IX qurultayında iştirak edib.

AHİK-dən Trend-ə verilən məlumata görə, qurultay fevralın 7-9-da Rusiyanın Soçi şəhərində keçirilib.

21 milyondan artıq həmkarlar ittifaqı üzvünü təmsil edən 700 nümayəndənin iştirak etdiyi qurultayın işində Rusiya Prezidenti Vladimir Putin, dövlət qurumlarının rəhbərləri, Rusiya Dövlət Dumasının deputatları, siyasi partiyaların, elm və yaradıcılıq təşkilatlarının, xarici həmkarlar ittifaqı mərkəzlərinin, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Qurultayı Federasiyanın sədri Mixail Şmakov giriş sözü ilə açaraq iştirakçıları və qonaqları salamlayıb, gündəlikdə duran məsələlər barəsində məlumat verib.

Qurultaya hesabat məruzəsindən sonra müzakirə olunan məsələlər ətrafında çıxışlar olub.

Qurultayda Rusiya Prezidenti V.Putin geniş məruzə ilə çıxış edib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin üzvü Səttar Mehbalıyev Azərbaycan nümayəndə heyəti adından qurultayı salamlayıb.

AHİK sədri öz çıxışında qeyd edib ki, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası MDB ölkələrinin həmkarlar ittifaqları arasında dostluq və əməkdaşlığın inkişafına böyük töhfələr verir.

S.Mehbalıyev vurğulayıb ki, son illərdə Azərbaycan və Rusiya arasındakı münasibətlər davamlı olaraq inkişaf edir, ticarət və iqtisadi sahələrdə əməkdaşlıq yüksək dinamikaya malikdir: "Biz Rusiya rəhbərliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi yolundakı səylərini həmişə qiymətləndiririk. Ölkələrimiz arasındakı əlaqələr strateji əməkdaşlıq çərçivəsində müxtəlif sahələrdə inkişaf edir. Bu isə hər iki ölkənin liderlərinin - Prezident Vladimir Putinin və Prezident İlham Əliyevin birgə səyləri nəticəsində mümkün olub. Ölkələrimizin rəhbərləri bir çox beynəlxalq və regional problemlərin həllində eyni mövqedən çıxış edirlər. Xalqlarımız və ölkələrimiz arasındakı dostluğun bariz nümunəsi kimi bir faktı göstərmək yerinə düşər ki, ötən ilin yayında Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalarla əlaqədar Rusiya Federasiyası rəhbərliyinin Azərbaycandan göndərilən kənd təsərrüfatı məhsullarının həcminin artırılması haqqında müraciətinə ölkəmizin rəhbərliyi, Azərbaycan xalqı diqqətlə yanaşıb. Xalqınız üçün bu çətin vaxtda Azərbaycan Rusiyanı dəstəklədi və həmişə dəstəkləməyə hazırdır. Biz dünya siyasəti məsələlərində Rusiyaya qarşı ikili standartların tətbiq olunmasının şahidləriyik. İkili standartların tətbiq olunmasının nə dərəcədə ağır olduğunu başa düşürük, çünki özümüz də dəfələrlə siyasətdə ikili standartların qurbanı olmuşuq".

AHİK sədri daha sonra çıxışında Azərbaycan və Rusiya həmkarlar ittifaqı mərkəzlərini narahat edən bir sıra məsələlərə, ilk növbədə, əmək miqrantlarının hüquqlarının qorunması probleminə ölkəmizin həmkarlar ittifaqlarının mövqeyini açıqlayıb. O, qeyd edib ki, ölkə xaricində azərbaycanlıların əmək miqrasiyasının cöğrafiyası çox genişdir: "Onların daha çox üstünlük verdikləri isə Rusiya, Türkiyə, Ukrayna, Almaniya və Mərkəzi Avropanın bir sıra ölkələridir. Həm gedən, həm də qəbul edən ölkələrin həmkarlar ittifaqları olaraq biz işçilərin əmək hüquqlarının tapdalanaraq qeyri-leqal şəkildə istismarına qarşı mübarizə aparmalıyıq".

S.Mehbalıyev sözünə davam edərək bildirib ki, əmək miqrantlarının həmkarlar ittifaqlarına cəlb edilməsi, həmkarlar ittifaqı mərkəzləri, sahə strukturları arasında əməkdaşlıq, əməkçi miqrantların sosial-iqtisadi problemlərinin həllinə yönəlmiş milli və sahə sazişlərinin bağlanması işi həmkarlar ittifaqlarının fəaliyyətində mühüm yer tutmalıdır: "Bizim bir sıra sahə həmkarlar ittifaqları Rusiyanın, Özbəkistanın, Qazaxıstanın, Serbiyanın, Bosniya və Herseqovinanın həmkarlar ittifaqları ilə artıq belə sazişlər imzalayıblar. Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası, Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyası, Türkiyə, Ukrayna həmkarlar ittifaqı mərkəzləri ilə də milli səviyyədə belə sazişlər imzalanıb. 2011-ci ilin martında Beynəlxalq Əmək Təkilatının Moskva Bürosunun iştirakı ilə Yekaterinburq şəhərində Sverdlovsk Vilayətinin Həmkarlar İttifaqı və AHİK arasında müqavilə imzalanıb. Daha sonra analoji müqavilə Həştərxan Vilayətinin Həmkarlar İttifaqı ilə də bağlanıb. Rusiya və Azərbaycan həmkarlar ittifaqı mərkəzlərinin birgə səyləri ilə əmək miqrantlarının hüquqlarının qorunması sahəsində daha fəal rol oynaya, onlar üçün əlverişli əmək və həyat şəraitinin yaradılmasına təsir göstərə bilərik".

Çıxışının sonunda AHİK sədri qurultayı Rusiya Müstəqil Həmkarlar İttifaqların həyatında mühüm hadisə kimi səciyyələndirib, ölkə üçün bu mürəkkəb dövrdə qarşıda duran sosial məsələlərin uğurlu həllinə nail olmaq üçün Federasiyanın üzv təşkilatlarının daha sıx birləşməsinin zəruriliyini vurğulayıb və qurultayın işinə uğurlar arzulayıb.

Qurultayda M.Şmakov yenidən Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti