...

Sankt-Peterburqda Hüseyn xan Naxçıvanskiyə abidə qoyulacaq

Cəmiyyət Materials 11 Fevral 2015 16:27 (UTC +04:00)
Sankt-Peterburqda Rusiya imperiyasında böyük nüfuz sahibi olmuş görkəmli azərbaycanlı sərkərdə, tam süvari qoşunları generalı, II Nikolayın general-adyutantı olmuş Hüseyn xan Naxçıvanskiyə abidə qoyulacaq.
Sankt-Peterburqda Hüseyn xan Naxçıvanskiyə abidə qoyulacaq

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Sankt-Peterburqda Rusiya imperiyasında böyük nüfuz sahibi olmuş görkəmli azərbaycanlı sərkərdə, tam süvari qoşunları generalı, II Nikolayın general-adyutantı olmuş Hüseyn xan Naxçıvanskiyə abidə qoyulacaq.

Trend "Fontanka.ru" saytına istinadən xəbər verir ki, böyük sərkərdəyə abidə şəhərin Petroqrad tərəfində, Malaya Posadskaya və Miçurin küçələrinin kəsişməsində qoyulacaq. Bu layihə Şəhər Şurasının bədii seksiyası tərəfindən bəyənilib.

Layihə sərkərdəyə qranit postament üzərində (hündürlüyü 2,75 metr) 2,5 metr hündürlüyündə tunc fiqurun qoyulması, habelə bütün meydançanın təşkilini nəzərdə tutur. Heykəltəraş Boris Petrov və memar Gennadi Peyçevin ərsəyə gətirəcəyi abidənin hazırlanmasına bir ilə yaxın vaxt sərf olunacaq.

Hüseyn xan Naxçıvanski rus-yapon müharibəsində 2-ci Dağıstan süvari alayına, habelə Birinci Dünya müharibəsində süvari korpusuna komandirlik edib. O, rus imperator ordusunun tarixində yeganə müsəlman general-adyutant olub. Hüseyn xan Naxçıvanski 15 Rusiya və 9 xarici dövlət mükafatı, o cümlədən III və IV dərəcəli "Müqəddəs Georgi" döyüş ordenləri və "İgidliyə görə" Qızıl silahın kavaleridir.

General-adyutantın 1919-cu ilin yanvarında bolşeviklər tərəfindən güllələndiyi ehtimal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti