...

Arzu Rəhimov 3 illik fəaliyyətlərini qiymətləndirdi

Cəmiyyət Materials 13 Fevral 2015 12:31 (UTC +04:00)
"Ötən 3 ildə Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlıq istiqamətində əhəmiyyətli nəticələr əldə edilib".
Arzu Rəhimov 3 illik fəaliyyətlərini qiymətləndirdi

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İlkin İzzət/

"Ötən 3 ildə Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlıq istiqamətində əhəmiyyətli nəticələr əldə edilib". Trend-in məlumatına görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov qurumun ötən dövrdə fəaliyyəti barədə məruzə ilə çıxışında deyib.

A.Rəhimov qeyd edib ki, Ali Baş Komandanın müəyyən etdiyi dövlət siyasətinin tələb olunan səviyyədə icrasını təmin etmək məqsədilə 3 il ərzində SHXÇDX tərəfindən əsaslı tədbirlər görülüb, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycanda səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra tədbirlər görülüb. Belə ki, 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Respublika Hərbi Prokurorluğu ilə birgə yerli idarə, şöbə və bölmələrdə icrası nəzərdə tutulmuş tədbirlər planı hazırlanıb, eləcə də dövlət başçısının müvafiq Sərəncamına əsasən "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar Xidmət tərəfindən 2014-cü il ərzində görüləcək tədbirlərin planı hazırlanaraq təsdiq olunub və nəzərdə tutulmuş tədbirlərin icrası təmin edilib.

Onun sözlərinə görə, "Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə"yə əsasən, Xidmətin üzərinə qoyulan vəzifələrdən ən vacibi Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin səfərbərlik zamanı və müharibə dövründə nəqliyyat vasitələri ilə vaxtında, keyfiyyətli və tam həcmdə təmin olunmasıdır. Hərbi-nəqliyyat vasitələrinin uçotu (təşkilatların və vətəndaşların mülkiyyətində olan) vətəndaşlara məxsus olan bütün növ minik avtomobilləri və motosikletlər istisna olmaqla Xidmətin yerli idarə, şöbə və bölmələrində nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlardan daxil olan məlumatlar əsasında aparılır.

A.Rəhimov gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin təşkili istiqamətində layihələr həyata keçirdiyini, Xidmətin "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı" MMC-də mütəxəssislər hazırlandığını deyib: "Korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində daxil olmuş məlumatlar əsasında Saatlı, Göyçay idarələrində, "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı" MMC-nin Gəncə filiallarında yoxlamalar aparılıb, nəticələr hüquq-mühafizə orqanlarına göndərilib. SHXÇDX elə bir qurumdur ki, burada bütün Azərbaycan vətəndaşlarının maraqları kəsişir. Hamı bu qurumla təmasda olur. Çalışmalıyıq ki, vətəndaşların müraciətləri, aldıqları cavablar onları qane etsin. Biz bütün müraciətlərə qanunvericilik çərçivəsində baxmalıyıq".

Tədbirin sonunda xidmətdə fərqlənmiş SHXÇDX-nin bir qrup əməkdaşı Azərbaycan Preziidentinin sərəncamı və Xidmət rəisinin əmri ilə təltif olunub.

Qeyd edək ki, bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının üçüncü ildönümü qeyd edilib. Xidmətin əməkdaşları əvvəlcə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti