Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İlkin İzzət/
Ötən il Azərbaycanda 500-ə yaxın şəxs qanunsuz dini təbliğatla məşğul olduğuna görə hüquqi məsuliyyətə cəlb edilib.
Trend xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Hesabatda qeyd edilir ki, Azərbaycan Prezidentinin 2007-ci il 23 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli təhlüksəzilik konsepsiyası"ndan irəli gələn vəzifələrin icrası çərçivəsində zərərli dini təriqətlərin təbliğatı və yayılması ilə məşğul olanların aşkarlanması və müvafiq əməliyyat-tədqiqat işlərinin gücləndirilməsi üzrə kompleks tədbirlər davam etdirilib.
Hesabat ilində qanunsuz dini təbliğatla məşğul 491 nəfər barədə hüquqi məsuliyyət tədbirləri görülüb. Habelə istehsalına və idxalına müvafiq icra orqanının razılığı alınmamış 2858 dini ədəbiyyat, 553 broşür və 710 kompakt disk, 205 odlu silah, 135 qram opiat qrupuna aid narkotik vasitə aşkarlanaraq götürülüb.