...

Bakının Dədə Qorqud parkında Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirib

Cəmiyyət Materials 17 Mart 2015 14:04 (UTC +04:00)
ADA Universitetinin tələbələri, “Coca-Cola” şirkətinin nümayəndələri, Avropa Oyunları 2015-in səfirləri və paytaxt sakinləri Novruz bayramının ilaxır çərşənbə axşamında universitetin yaxınlığında yerləşən Dədə Qorqud parkında ağacəkmə aksiyasını həyata keçirmək üçün bir araya gəlib.
Bakının Dədə Qorqud parkında Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirib

Azərbaycan, Bakı, 17 mart /Trend/

ADA Universitetinin tələbələri, "Coca-Cola" şirkətinin nümayəndələri, Avropa Oyunları 2015-in səfirləri və paytaxt sakinləri Novruz bayramının ilaxır çərşənbə axşamında universitetin yaxınlığında yerləşən Dədə Qorqud parkında ağacəkmə aksiyasını həyata keçirmək üçün bir araya gəlib.

Trend-in məlumatına görə, sözügedən ağacəkmə aksiyası ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi və "Coca-Cola" şirkətinin birgə həyata keçirdiyi "Ağac Əkək, Təbiətə Töhfə Verək" layihəsinin bir hissəsidir.

Ötən ilin fevral ayında başlayan layihə 2020-ci ilədək 100 mindən çox ağacın əkilməsini nəzərdə tutur. Layihə çərçivəsində 2014-cü ildə Ələt qəsəbəsində Salyan şosesi boyunca 9 hektarlıq qeyri-məhsuldar torpaqda 8 mindən çox ağac əkilib. Cari ildə layihənin davamı olaraq daha 20 min ağacın əkilməsi nəzərdə tutulub. Layihənin əsas məqsədi ölkənin öncədən müəyyən edilmiş ərazilərində kütləvi meşələrin salınması və mövcud meşələrin bərpa olunması ilə Azərbaycanda su ehtiyatlarının qorunması və artırılmasına nail olmaqdır. Layihənin həyata keçirilməsi zamanı damcı üsulu ilə suvarmadan istifadə olunur ki, bu da öz növbəsində ölkədə məhdud olan şirin su ehtiyatlarının qorunmasına əhəmiyyətli təsir göstərəcək.

Tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirib: "Bu tədbir "Coca-Cola", ADA Universiteti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığının ölkəmizi gözəlləşdirəcək daha bir "yaşıl nəticə"sidir".

Öz növbəsində "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin baş meneceri Cem Becel qeyd edib: "Novruz kimi möhtəşəm bayramın bir hissəsi olmaq "Coca-Cola" üçün şərəfdir. Məlumdur ki, Novruzda ağac əkmək adəti mövcuddur. Məhz bu səbəbdən, "Coca-Cola" şirkəti olaraq, Azərbaycan üçün özəl bir bayram sayılan Novruz ərəfəsində tərəfdaşlarımız ADA Universiteti və Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə birgə belə bir təşəbbüslə çıxış edərək fərəh hissi duyuruq. Bakı 2015 Avropa Oyunlarının səfirləri, o cümlədən Azərbaycan yığma komandasının üzvlərinin bu tədbirdə iştirakı və ağacəkmə aksiyasına ictimai şəkildə dəstək göstərməsi sevindirici haldır".

Dədə Qorqud parkında keçirilən ağacəkmə aksiyasından sonra, Novruz bayramının ilaxır çərşənbə axşamında ADA Universitetində III Bahar Gənclik Festivalı təşkil olunub. Festival sərgi, konsert, milli geyimlərimiz, kəndirbazlar, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram mətbəxinin şirniyyatları, xına bəzəmə mərasimi, tonqaldan atlanma və s. kimi ilaxır çərşənbənin özünəməxsus adət-ənənələrinin nümayişi ilə davam edib, ADA Universitetinin Tədris mərkəzinə əsl bayram ab-havası gətirib.

ADA Universitetinin Bayraq Meydanında qurulan "Coca-Cola" səhnəsində ADA Universitetinin tələbələri əyləncəli bayram proqramı ilə çıxış edib, tələbələr "ən maraqlı xonça" müsabiqəsində yarışıb, müğənnilər qonaqları mahnıları ilə sevindirib.

Festivala Avropa Oyunları 2015-in səfirləri Tünzalə Ağayeva, Bəhram Bağırzadə, Azər Qərib, DJ Shock, Olimpiya yığma komandasının üzvü Murad Sultanov və digər tanınmış simalar qatılıb. Tədbirdə ADA Universitetinin yerli və xarici tələbələri ilə yanaşı, Bakı və ətraf regionlarda yerləşən ümumtəhsil məktəblərinin şagirdləri də iştirak edib.

Festivalda iştirak edən Tünzalə Ağayeva vurğulayıb: "Novruz ərəfəsində ağacəkmə aksiyasının baş tutması çox gözəl bir təşəbbüsdür və mən əminəm ki, başlanğıcını qoyduğumuz bu ənənənə ildən-ilə daha da böyüyəcək. "Coca-Cola" şirkəti və ADA Universitetinin birgə həyata keçirdiyi "Ağac Əkək, Təbiətə Töhfə Verək" layihəsi ölkəmizin təbiətinə 100 min ağac bəxş edəcək və bu, təqdirəlayiq bir ideyadır. Bu cür təşəbbüsün bir hissəsi olmaq mənim üçün sevindiricidir. "Coca-Cola" və MOK-un birgə həyata keçirdiyi "Fəal Ailəm, Sağlam Aləm" layihəsinin səfiri olaraq "Coca-Cola" şirkətinin ölkəmizdə müxtəlif miqyaslı layihələr reallaşdırmasına çox şadam".

"Ağac Əkək, Təbiətə Töhfə Verək" layihəsi çərçivəsində Dədə Qorqud parkında keçirilən ağacəkmə aksiyası cəmiyyətdə sosial məsuliyyət prinsipinin təbliğinin, eləcə də, "qızıl üçlük" (dövlət, biznes və vətəndaş cəmiyyəti) fəlsəfəsinə əsaslanan layihənin simvolik başlanğıcıdır. Layihə, həmçinin, bir-birinə yaxın ərazidə yerləşən bir neçə qurumun təbiəti qorumaq və ona fayda vermək üçün bir araya gəlməsini təmin edərək mehriban qonşuluq prinsipinə töhfə verir.

Hazırda su ehtiyatlarının ağac əkərək qorunması və artırılması dünyada bu məqsədlə həyata keçirilən ən səmərəli və populyar mexanizmlərdəndir. Ağaclar suyun düzgün istismar edilməsində mühüm rol oynayır. Belə ki, ağaclar planetdə yağıntının miqdarını və yağış sularının çay, dəniz və okeana axınını artırır, su axınlarını tənzimləyir, eroziya və daşqınları azaldır, su təchizatını sterilləşdirir və ümumilikdə suyun keyfiyyətini artırır. Həmçinin, ağaclar öz kölgələrini daha qısa kol və çəmənliklərin üzərinə salmaqla bu bitkilərin suya olan tələbatını azaldırlar. Su ehtiyatlarını qorumaq və bərpa etməklə yanaşı, ağaclar havanın çirklənməsinin qarşısını alır, kimyəvi dövriyyəyə, eləcə də, planetdə suyun uzun müddət torpaqda saxlanılmasına yardımçı olur və eko-sistem daxilində enerji axınını təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti