Azərbaycan, Bakı, 17 mart /Trend/
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov UNICEF-in Mərkəzi və Şərqi Avropa ölkələri və Müstəqil Dövlətlər Birliyi üzrə regional direktoru xanım Mari-Pyer Puaryenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, K.Heydərov nazirliyin UNICEF-in Bakı ofisi ilə sıx əməkdaşlıq etdiyini, bir sıra mühüm layihələr həyata keçirdiyini diqqətə çatdırıb. O, Azərbaycanın ev sahibliyi edəcək Birinci Avropa Oyunlarının ölkəmizin tarixində ən əlamətdar hadisələrdən biri olduğunu, FHN-in əməkdaşları tərəfindən bu əlamətdar tədbirə hazırlıqla bağlı genişmiqyaslı texniki və təhlükəsizlik tədbirləri proqramının həyata keçirildiyini bildirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən xanım Mari-Pyer Puarye deyib ki, onun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri Novruz bayramı və qarşıdan gələn mühüm tədbir - Birinci Avropa Oyunları ərəfəsinə təsadüf edir. Qonaq UNICEF-in Azərbaycanla, o cümlədən müvafiq sahələr üzrə FHN ilə uğurlu əməkdaşlığı davam etdirmək əzmində olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.