Azərbaycan, Bakı, 7 aprel /Trend/
Qazaxda məcburi köçkünlər üçün yaşayış binaları inşa edilir.
Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, yeni mənzillərlə təmin edilməsi üçün Qazaxda da müasir standartlara cavab verən hündürmərtəbəli binaların tikintisinə başlanılıb.
Trend-in Kəpəz TV-yə (Region TV) istinadən verdiyi məlumata görə, 10 hektar sahəni əhatə edən tikinti meydançasında hazırda qazıntı işləri yekunlaşmaq üzrədir. Rayonun Qazaxbəyli kəndi ərazisində inşa edilən 5 mərtəbəli binalarda rayon ərazisində məskunlaşan 304 məcburi köçkün ailəsi yerləşdiriləcək.
Ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına uyğun olaraq inşa ediləcək şəhərcikdə məktəb, tibb məntəqəsi və digər sosial obyektlərin tikilərək sakinlərin ixtiyarına veriləcəyi də bildirilir. Yeni salınan şəhərcikdə ilk olaraq yataqxanalarda, digər ictimai binalarda məskunlaşan qaçqınlar və məcburi köçkünlər yerləşdiriləcək.