...

Vəhşi və sahibsiz heyvanların peyvəndlənməsi başa çatıb

Cəmiyyət Materials 9 Aprel 2015 12:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, vəhşi və sahibsiz heyvanların oral yolla peyvəndlənməsi başa çatıb.

Bildirilir ki, martın 16-dan ölkəmizdə ilk dəfə olaraq vəhşi və sahibsiz heyvanlar arasında başlanan oral peyvəndlənmə tədbiri yekunlaşıb. Peyvəndlənmə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının meşə və meşəətrafı ərazilərində, eləcə də Abşeron yarımadası və Bakı ətrafı ərazilərdə icra edilib.

50 min doza miqdarında olan quduzluq əleyhinə vaksin yerləşdirilmiş aldadıcı yemlər (primanka) meşə və meşəətrafı ərazilərdə vəhşi heyvanların vaxtaşırı keçib getdiyi yerlərə hər 50 metrdən bir, eləcə də sahibsiz itlərin çox olduğu ərazilərə atılıb.

Bununla yanaşı, DBNX sahibli və qeydiyyatda olan itlərin də peyvəndləmə tədbirlərini davam etdirir. Cari ilin 3 ayı ərzində 196761 baş itdə bu tədbir həyata keçirilib.

Aparılan vaksinasiya tədbiri vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı immunitet yaradacaq və xəstəliyin qarşısı alınacaq.

Hazırda quduzluq xəstəliyinə və digər yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət tam nəzarətdə olmaqla sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün KTN yanında DBNX lazımi tədbirlər həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti