Azərbaycan, Bakı, 10 aprel /Trend/
"Excelsior Hotel & Spa Baku" Otelində Beynəlxalq Şorba- Sağlam Qida Gününə həsr olunmuş tədbir keçirilib.
Trend-in məlumatına görə, aprelin 8-də "Excelsior Hotel & Spa Baku" otelinin Belvedere restoranında, ilk dəfə olaraq aprelin 5-dən etibarən başlayan Sağlam Qida həftəsinə həsr olunmuş tədbir baş tutub.
Tədbirin əsas məqsədi gün-gündən "fast food", yəni hazır və tez qida anlayışına qarşı-sağlam və düzgün yemək prinsiplərinin dəstəklənməsi ilə əlaqədar olub. Bu münasibətlə ölkənin qabaqcıl KİV nümayəndələrinə bu xüsusi gün haqqında ətraflı məlumat verilib. Otelin Baş Meneceri Turhan Poyraz tərəfindən əyani olaraq, dünya mətbəxindən diqqətlə seçilmiş "Vichysoisse soup" adlı tərəvəzli şorbanın hazırlanma qaydası nümayiş olunub. Norveç köklərinə dayanan, adı qədər qəliz tərkibə sahib olmayan, kartof, kərəviz, qaymaq və qara balıq kürüsü ilə hazırlanan şorba, KİV nümayəndələrinin iştirakı ilə hazırlanıb.
Uzun illərdir Azərbaycanda xidmət və turizm sahəsində fəaliyyət göstərən Turhan bəy xidmət sektoruna mətbəxdən gəldiyini vurğulamaqla yanaşı, maraqlı xatirələrini bölüşüb: "Yemək bir mədəniyyətdir, müxtəlif xalqları, millət və ölkələri birləşdirən bir mədəniyyət. Mən isə bu mədəniyyətin daha çox elmi tərəfini görürəm. Qidanın insanda yaratdığı dəyişiklik - ruhuna xitab etməyi, keçmişindən şüuraltı xatirələrini canlandırmalıdır. Hər bir dadın birbaşa yönəltdiyi duyğular var. Bunu elmi-ədviyyat, təzə ərzaq və bacarıqlı əllərə həvalə etmək lazımdır. Təbii ki, klassik mətbəx təcrübəsi və müasir tendensiyalar diqqətdən kənarda qalmamalıdır. Bu iki məqamdan birini qaçırsaq, müştəri məmnunuyyəti ilə vidalaşaq!".
Görüşün növbəti mərhələsi yeməyin servisi, dadılması və sualların cavablandırılmasına həsr olunub. İsti yay aylarının başlaması ilə "Excelsior Hotel & Spa Baku" Otelində hovuz kənarında fəaliyyət göstərən Green House Restoranı, mütəmadi olaraq qonaqların damaq dadına və istəyinə uyğun olaraq yenilənir. Xüsusilə, bu il Azərbaycan mətbəxindən seçilmiş təamlar, əsasən də kabab çeşidləri üstünlük təşkil edəcək. Ənənəyə sadiq qalaraq, restoranda balıq menyusu, Belvedere Restoranında isə dünya mətbəxi ilə yanaşı, İtalyan mətbəxindən nümunələr əlavə olunub. Növbəti günlərdə qeyd olunacaq əlamətdar günlər haqqında daha ətraflı müzakirələr axşamın irəliləyən saatlarına qədər davam edib.