Azərbaycan, Bakı, 15 aprel /Trend/
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) "Memarlıq irsimizin qorunması və istifadəsi problemləri" mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan AzMİU-nun rektoru Gülçöhrə Məmmədova bildirdi ki, Azərbaycanın tarixi abidələri dövlətimizin qədimliyinin göstəricisidir və bu irsimizin qorunması istiqamətində səylərimizi artımalıyıq. Azərbaycan tarixi abidələrinin böyük əksəriyyətinin işğal olunmuş ərazilərdə yerləşdiyini diqqətə çatdıran G.Məmmədovanın sözlərinə görə, ermənilər tarixi irsimizi dünyaya öz memarlıq nümunələri kimi təqdim etməyə çalışırlar. Bunun qarşısını almaq üçün müəyyən işlər görülüb və görülməkdədəir. Amma daha ciddi addımların atılması vacibdir. Rektor hazırda respublika ərazisində bərpaya ehtiyyacı olan xeyli sayda tarixi nümunələr olduğunu dedi. Qeyd etdi, bu tarixi abidələrin bərpası işləri ixtisaslaşmış mütəxəssislərə həvalə olunmalıdır. Həm tədqiqat, həm layihə, həm də həmin layihələrin həyata keçirilməsi istiqamətində.
Tədbirdə çıxış edən Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə isə bildirdi ki, tarixi abidələrin bərpası olduqca vacib məsələdir. O, ötən əsrin 80-ci illərində bu istiqamətdə işlərə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlandığını xatırlatdı. Və sonrakı tarixi proseslərin təsirindən memarlıq nümunələrinin restavrasiyası ilə bağlı görülən işlərin dayandırıldığını dedi. Qeyd etdi ki, işlər növbəti dəfə 1993-cü ildən sonra bərpa olundu və hazırda davam etdirilir. Amma hələ görüləsi çox işlər var və burada da memarların üzərinə böyük məsuliyyət düşür.
Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtəgin Salamzadə isə çıxışına "Abidələr və tarixi yerlər" gününün mahiyyətindən danışmaqla başladı. Bu tarixin təsisinin 1994-cü ilə təsadüf edildiyini deyən direktor təqvimin yaranma səbəblərinə də toxundu. Bildirdi ki, "Abidələr və tarixi yerlər" gününün yaradılmasında məqsəd memarlıq nümunələrinin bərpasına diqqəti artırmaqdır. Ə.Salamzadənin sözlərinə görə, Azərbaycanda memarlıq elminin müxtəlif sahələri var və ən mühümü Albanşünaslıqdır. Çünki Albanşünaslıq sahəsi Azərbaycanın qədim tarixi abidələrinin tədqiqinə imkan verir.
Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin müdiri Rüfət Nuriyev çıxış etdi. O, Azərbaycanın dörd bir yanında olan abidələrin dövlət dəstəyi ilə tədqiq və bərpa edildiyini diqqətə çatdırdı. Qobustan qoruğuna milli qoruq statusu verildiyini deyən R.Nuriyev bildirdi ki, hazırda dövlət tərəfindən "Atəşgah" tarixi abidəsinin qorunması və bərpası işləri aparılır. O, ümumiyyətlə 6308 abidənin dövlət mühafizəsinə götürüldüyünü diqqətə çatdırdı. Vurğuladı ki, bundan əlavə 1725 yeni abidə də aşkarlanıb ki, onların da bərpasına başlanılacaq.
Tədbirdə çıxış edənlər bu konfransın memarlıq nümunələrinə olan diqqətin artırılmasına müsbət təsir göstərəcəyini vurğuladılar. Sonda Azərbaycanın bölgələrində olan abidələrin vəziyyəti ilə bağlı məruzələr dinlənildi.