...

“Hər kağızı bir yarpağa dəyişək”

Cəmiyyət Materials 17 Aprel 2015 11:23 (UTC +04:00)
“Hər kağızı bir yarpağa dəyişək” layihəsi ictimaiyyət tərəfindən dəstəklənməkdədir.
“Hər kağızı bir yarpağa dəyişək”

Azərbaycan, Bakı, 17 aprel /Trend/

"Hər kağızı bir yarpağa dəyişək" layihəsi ictimaiyyət tərəfindən dəstəklənməkdədir.

IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin martın 18-də start verdiyi "Hər kağızı bir yarpağa dəyişək" layihəsi ictimaiyyət tərəfindən geniş şəkildə dəstəklənməkdədir. Trend xəbər verir ki, fəaliyyətə bir müddət bundan əvvəl start verilməsinə baxmayaraq, bir çox dövlət qurumları, özəl təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələri kağız təhvil verilməsi prosesində fəallıq nümayiş etdirirlər. Bu xüsusda 8 ton istifadə olunmuş kağızı təkrar emala təhvil verən Ədliyyə Nazirliyi və 10 ton kağız məmulatı təhvil vermiş Dövlət Sosial Müdafiə Fondunu qeyd etmək olar.

"Hər kağızı bir yarpağa dəyişək" layihəsinə uyğun olaraq, ölkə ərazisində bütün ASAN Xidmət Mərkəzlərində istifadə olunmuş kağız məmulatlarının yığılması üçün xüsusi konteynerlər quraşdırılıb.

Layihə çərçivəsində 300 kq-dan artıq kağız tullantılarının səyyar qaydada toplanılması üçün xüsusi nəqliyyat vasitələrinin göndərilməsi təmin oluna bilər. İstifadə olunmuş kağız məmulatlarını səyyar qaydada təhvil vermək üçün bu məqsədlə yaradılmış xüsusi qaynar xətlə əlaqə saxlamaq xahiş olunur (108 və ya 4976316).

"Hər kağızı bir yarpağa dəyişək" layihəsinin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Digər tərəfdən, layihə ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təşviq etməyi hədəfləyir.

IDEA İctimai Birliyi dövlət qurumları, özəl təşkilatlar, qeyri-hökumət qurumları və vətəndaşları ətraf mühitin mühafizəsi naminə "Hər kağızı bir yarpağa dəyişək" layihəsində iştirak etməyə dəvət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti