"Bu gün televiziyalarda ailə dəyərlərindən daha çox ailə kriminalları haqqında danışılır".
Bunu ailə məsələləri üzrə ekspert Hacı Quliyev "Space" telekanalında yayımlanan "Günaydın" verilişində qonaq olarkən deyib. Ekspert gənclərə və gənc ailə başçılarına səslənərək qeyd edib ki, ailə dəyərlərini qoruyub saxlamağa çalışsınlar: "Gənclər ailə dəyərlərini unudublar. Gənclərlə söhbət edərkən aydın olur ki, onların ailə dəyərləri haqqında anlayışları yox dərəcəsindədir. Gənclər ailəyə barmaqarası baxırlar. Bu gün boşanma halları daha çoxdur. Gənclər düşünür ki, bu gün ailə qurmuşam, əgər bu ailə alınmazsa, boşanaram, sabah növbəti dəfə ailə quraram. Təbii ki, bununla da ailə dəyərləri və ümumi - milli-mental dəyərlərimiz itir. Əvvəllər ağsaqqalların məsləhətinə önəm verilirdi. Hazırda isə çox fərqlidir".
H.Quliyev vətəndaş nikahını birmənalı qəbul etmədiyini söyləyib: "Ümumiyyətlə, ölkəmizdə vətəndaş nikahına daha çox önəm verilir, mən isə bunu birmənalı qəbul etmirəm. Ən əsası ağsaqqalın, böyüklərin məsləhəti olmalıdır, buna önəm verilməlidir. Əgər belə olarsa, uzunömürlu sağlam ailə də olar".
Qeyd edək ki, teleaparıcı Vüsalə Kərimovanın təqdimatında yayımlanan verilişin digər qonaqları isə müğənnilər Samir Piriyev və Gülay Zeynalova olublar.