...

Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxış keçiriblər

Cəmiyyət Materials 18 May 2015 17:19 (UTC +04:00)
Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov, aparatın əməkdaşı və Müdafiə Nazirliyinin məsul hərbi qulluqçusu Emin Səfərovla birgə Müdafiə Nazirliyinin Beyləqan, Füzuli, Ağcabədi rayonları ərazisindəki hərbi hissələrinin düşmənlə təmas xəttindəki bir sıra bölüklərində və döyüş növbəçəkmə postlarında, həmçinin Lənkəran şəhərində yerləşən hərbi hissəyə baxış keçiriblər.
Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxış keçiriblər

Azərbaycan, Bakı, 18 may /Trend/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşlarının həmin qurumların səlahiyyətli nümayəndələri ilə birgə hərbi hissələrə başçəkmələri müntəzəm qaydada davam etdirilir.

Aparatın mətbua xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov, aparatın əməkdaşı və Müdafiə Nazirliyinin məsul hərbi qulluqçusu Emin Səfərovla birgə Müdafiə Nazirliyinin Beyləqan, Füzuli, Ağcabədi rayonları ərazisindəki hərbi hissələrinin düşmənlə təmas xəttindəki bir sıra bölüklərində və döyüş növbəçəkmə postlarında, həmçinin Lənkəran şəhərində yerləşən hərbi hissəyə baxış keçiriblər.

Eyni zamanda, Ombudsman Aparatının əməkdaşları FHN-in Mülki Müdafiə Qoşunlarının və DİN-nin Daxili Qoşunlarının Lənkəran şəhərində yerləşən hərbi hissələrində də plan üzrə baxışlar keçiribşlər.

Baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.

Aparatın əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə baxış keçirilib, şərait, habelə rəftar və qidalanma vəziyyəti, müalicənin keyfiyyəti müsbət qiymətləndirilib.

Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparıb, çoxsaylı suallar cavablandırılıb. Onlar respublikamızda hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində görülən işləri yüksək qiymətləndiriblər.

Bu istiqamətdə aparılan işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib, habelə Ombudsman təsisatında hazırlanmış insan hüquqları sahəsində çoxsaylı nəşrlər hərbi hissələrə hədiyyə edilib.

Tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti