...

Bakı Gimnastika Məktəbində akrobatika gimnastikası üzrə yarışlar keçirilib (FOTO)

Cəmiyyət Materials 25 May 2015 15:07 (UTC +04:00)
Bu gün Bakı Gimnastika Məktəbində akrobatika gimnastikası üzrə yarışlar keçirilib.
Bakı Gimnastika Məktəbində akrobatika gimnastikası üzrə yarışlar keçirilib (FOTO)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Bakı Gimnastika Məktəbində akrobatika gimnastikası üzrə yarışlar keçirilib.

Trend-in məlumatına görə, yarışlar Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin təbliğinə həsr olunan Azərbaycan Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən kütləvi idman tədbirləri çərçivəsində baş tutub.

Yarışlarda Bakı Gimnastika Məktəbinin, Neftçi İdman Klubunun və 13 saylı Nizami rayon İdman Məktəbinin 100-ə qədər gimnastı iştirak edib.

Yarışlar Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Açılış mərasimində çıxış edən Təhsil Nazirliyinin nümayəndəsi Hilal Salmanov bildirib ki, ölkəmizdə baş tutacaq Birinci Avropa Oyunlarına sayılı günlər qalıb: "Təhsil Nazirliyinin təşəbbüsü ilə zona üzrə bu cür yarışlar keçirilir. Məqsədimiz bu Oyunların təbliğ edilməsi ilə bərabər məktəblilərin idmana marağının artırılması, sağlam həyat tərzinin təbliğidir".

Daha sonra çıxış edən Milli Olimpiya Komitəsinin vitse prezidenti Xəzər İsayev idmançıları salamlayaraq bildirib ki, bu cür yarışların keçirilməsi iştirakçıların gələcəkdə böyük idmançılar kimi yetişməşinə şərait yaradır.

Azərbaycan Gimnastika Federasiyası tərəfindən böyük işlər görüldüyünü vurğulayan X.İsayev bildirib ki, gimnastika Azərbaycanda ən inkişaf etmiş idman növlərindəndir.

Daha sonra Azərbaycanı Birinci Avropa Oyunlarında təmsil edəcək gimnastlar Hüseynova Aynur və Ramazanova Nərmin idman ustası adı ilə təltif edilib. Təltifat mərasimində sonra yarışlara start verilib və gimnastlar tamaşaçıların alqışları ilə səhnəyə çıxıb.

Yarışlar gərgin mübarizə şəraitində keçib, gimnastlar bir-birilərindən gözəl çıxışlar nümayiş etdirib. Sonda qaliblər diplom və medallarla mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti