Azərbaycan, Bakı, 1 iyun /Trend/
Hazırda sığorta-pensiya sistemi tam özü-özünü maliyyələşdirir və bundan əlavə sosial sığorta ilə bağlı olmayan dövlət öhdəliklərinin qarşılanmasına da vəsait ayırır. Pensiya təminatında dövlət öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin maliyyə mənbələrinin fərqləndirilməsi məqsədilə qanunvericiliyə dəyişiklik layihəsi hazırlanır. Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib.
Fond sədri qeyd edib ki, hazırda ödənilən, eləcə də yeni təyin olunan pensiya məbləğlərinin bir hissəsini müstəqil Azərbaycanda sosial sığorta qanunvericiliyinin tətbiq olunduğu 1992-ci ilin 1 yanvarından əvvəlki dövr üzrə formalaşmış məbləğlər, həmçinin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmayan əlavələr təşkil edir: "Dövlət büdcəsindən ayrılan transfertin həcmi həmin dövlət öhdəliklərindən əhəmiyyətli şəkildə aşağıdır, deməli, bu xərclərin maliyyələşdirilməsinə büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitləri də yönəldilir. Başqa sözlə, hazırda sığorta-pensiya sistemi tam özü-özünü maliyyələşdirir və bundan əlavə sosial sığorta ilə bağlı olmayan dövlət öhdəliklərin qarşılanmasına da vəsait ayırır. Lakin nəzərə alınmalıdır ki, qeyd olunan xərclərin maliyyələşdirilməsinə yönəldilən sosial sığorta vəsaitlərinin ayrı-ayrı sığortaolunanların fərdi hesablarında şərti pensiya kapitalları kimi qeydə alınması, gələcəkdə təyin ediləcək pensiya məbləğləri üzrə sistemin maliyyə öhdəliyini də formalaşdırmaqdadır. Göstərilənlə əlaqədar, sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsi məqsədilə dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi zərurətə çevrilib".