...

Səyavuş Heydərov: Multikultural təhlükəsizlik milli təhlükəsizliyin bir növ qarantı rolunu oynamaqdadır (MÜSAHİBƏ)

Cəmiyyət Materials 16 İyul 2015 08:00 (UTC +04:00)
Dünyəvi dövlət quruculuğuna malik bir sıra cəmiyyətlər müxtəlif dinlərə qarşı daha sərt, digər qism cəmiyyətlər isə daha yumşaq mövqedən yanaşır. Bu da özlüyündə müxtəlif mənəvi-sosial problemlərə, bir sıra regionlarda hətta silahlı münaqişələrə belə zəmin yaratmaqdadır.
Səyavuş Heydərov: Multikultural təhlükəsizlik milli təhlükəsizliyin bir növ qarantı rolunu oynamaqdadır (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İlkin İzzət/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun Trend-ə müsahibəsi

- Vətəndaş cəmiyyətində din amilinin oynadığı rol və onun birgəyaşayış prinsiplərinə təsiri barədə nə deyə bilərsiniz?

- Bu gün dünyada dövlət-din münasibətləri, birgəyaşayış mühitinin təmin edilməsi, habelə dini radikalizm və ekstremizmlə birgə mübarizə olduqca böyük əhəmiyyətə malikdir. Ötən əsrin sonlarından etibarən dünyanın bir sıra ölkələrində din anlayışının vətəndaş cəmiyyətinə daxil olma prosesi başlamışdır ki, bu da özlüyündə qanunvericiliyin nəzəri əsasları üzərində sekulyarizm və din arasında əlaqələrlə bağlı müasir problemlərə gətirib çıxarmışdır. Yer üzündə mövcud olan üç əsas səmavi din - İslam, Xristianlıq və Yəhudilik dünya haqqında təsəvvür yaratmaqla yanaşı, ictimai idarəetmə prinsiplərini də tənzimləməklə, dinin bu proseslərdə həlledici rola malik olduğunu sübut etməkdədir.

- Sizcə, müasir dünyada birgəyaşayış prinsiplərinin tənzimlənməsində hansı neqativ hallar müşahidə edilir və bu prosesin sağlam müstəvidə qurulmasına hansı amillər mənfi təsir göstərir?

- Dünyəvi dövlət quruculuğuna malik bir sıra cəmiyyətlər müxtəlif dinlərə qarşı daha sərt, digər qisim cəmiyyətlər isə daha yumşaq mövqedən yanaşır. Bu da özlüyündə müxtəlif mənəvi-sosial problemlərə, bir sıra regionlarda hətta silahlı münaqişələrə belə zəmin yaratmaqdadır. Belə ki, bu gün bəşəriyyət özünün təzadlı və məsuliyyətli dövrünü yaşayır. Bir tərəfdən, mədəniyyətlərarası dialoqun, xalqların və dövlətlərin əməkdaşlığının qurulması istiqamətində birgə fəaliyyət göstərilsə də, digər tərəfdən, dünyanın bir sıra nöqtələrində ksenofobiya, neonasizm, irqi və dini ayrı-seçkilik kimi təhdidlər getdikcə daha təhlükəli formada təzahür etməkdədir. Bütun bunlar "sivilizasiyalararası dialoq", "beynəlxalq sülh və təhlükəsizlik naminə əməkdaşlıq" kimi vacib, ümumbəşəri əhəmiyyət daşıyan pozitiv trendləri formal, deklarativ bəyanatlar səviyyəsinə endirərək, bəşəriyyəti yeni və daha təhlükəli qarşıdurmalara sürükləməkdədir. Nəticədə "mədəniyyətlərarası dialoq" prosesi mahiyyətini dəyişərək geosiyasi və geoiqtisadi maraqların ödənilməsi vasitəsinə, dünyanın güc mərkəzlərinin, xüsusilə də bəzi Qərb ölkələrinin ikili standartlarının monoloquna çevrilməkdədir.

- Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi və dini radikalizmə qarşı mübarizə çərçivəsində hansı əməli tədbirlər görülür?

- Bildiyiniz kimi, Azərbaycan Respublikası dünyəvi dövlətdir və ölkəmizdə dövlət-din münasibətləri mövcud qanunvericiliyə uyğun şəkildə tənzimlənir. Respublikamızda mövcud olan bütün dinlərin nümayəndələrinə qarşı dözümlülük və tolerantlıq nümayiş olunur. Azərbaycan bu aspektdən dünyanın bir çox dövlət və cəmiyyətlərinə nümunə ola biləcək bir ölkədir. Xalqımızın öz tarixi köklərinə bağlılığı, milli-mənəvi dəyərlərinə sadiq olması Azərbaycan Respublikasının mövcud xətt üzrə dövlət siyasəti ilə tam bir vəhdət təşkil etməkdədir. Cəmiyyətimizdə həm dini, həm də bəşəri dəyərlərə eyni ölçüdə önəm verilir. Azərbaycan radikal qüvvələrə qarşı mübarizədə bir sıra vasitələrdən istifadə etmiş, ölkəmizdə bu sahədə praktiki yöndən işlər mühüm nəticələr vermişdir. Dini maarifləndirmə işinin düzgün və səmərəli təşkili, cəmiyyətimizin müxtəlif din və millətlərin mənsublarının birgəyaşayış tərzinə olan münasibəti bu nəticələrin qazanılmasında həlledici rol oynamışdır. Dövlətimiz zəruri hallarda hüquqi aspektdən tələb olunan inzibati tədbirlər də həyata keçirməklə, bu nəticələrin effektivliyini daha da artırmışdır.

- Multikultural təhlükəsizlik özündə hansı anlayışları ehtiva edir və onun Azərbaycandakı təzahürləri ilə bağlı nə deyə bilərsiniz?

- Beynəlxalq müstəvidə dini və etnik zəmində baş verən proseslər bir daha sübut edir ki, multikultural təhlükəsizlik, ictimai-siyasi, eləcə də ümumbəşəri təhlükəsizliyin ayrılmaz tərkib hissəsi olan bir anlayışdır.

Bu gün Azərbaycanın dövlət siyasətinə çevrilən multikulturalizm anlayışı təkcə ayrı-ayrı ölkələrdə deyil, bütövlükdə dünyada mədəni müxtəlifliyin qorunmasına və bu vasitə ilə ümumbəşəri harmoniya yaradılmasına, xalqların, fərqli din və mədəniyyətlərin qarşılıqlı faydalı əməkdaşlığına yönəldilmiş nəzəriyyədir. Bu gün planetin ayrı-ayrı guşələrində - xüsusilə, İslam dünyasında cərəyan edən hadisələr bir daha bu nəzəriyyənin doğruluğunu və Yer üzündə sülhün, təhlükəsizliyin təmin olunmasında, etnik-dini, mədəni rəngarəngliyin mühafizəsində vacibliyini, praktiki əhəmiyyətini təsdiqləməkdədir. Möhtərəm Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, dünyada multikulturalizmin alternativi yoxdur. Bu baxımdan, multikulturalizmin digər populyar mövqedən - siyasi liberalizmdən əsas fərqi onun həmin fərqli qrupların hüquqlarını tanıması, milli-mədəni identikliyin qorunmasına, dini, milli icmaların birgəyaşayış normalarının formalaşmasına və inkişafına yönəldilən qanuni fəaliyyəti hərtərəfli və effektiv dəstəkləməsidir. Məhz buna görə də multikultural təhlükəsizlik milli təhlükəsizliyin bir növ qarantı rolunu oynamaqdadır. Çünki multikultural təhlükəsizliyi təmin edən əsas meyar vahid dövlətdə yaşayan müxtəlif milli-dini və sosial qrupların yaratdığı birgəyaşayış prinsiplərinin qorunub saxlanması və inkişaf etdirilməsidir.

- Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi iftar süfrəsində iştirakı zamanı dünyada dini zəmində baş verən proseslərə və ölkəmizdəki multikultural dəyərlərə diqqət çəkdi. Sizcə, qeyd etdiyiniz birgəyaşayış prinsiplərinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün dünya ölkələri tərəfindən konkret hansı addımlar atılmalıdır və Azərbaycan bu sahədə dünya ictimaiyyətinə hansı töhfələr verə bilər?

- Möhtərəm Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, həqiqətən də bu gün dünya mənəvi böhran içindədir. Qanlı toqquşmalar, qarşıdurmalar və müharibələr bugünkü dünyanın reallıqlarıdır. Təəssüflə qeyd etməliyəm ki, bu proseslərin mütləq əksəriyyəti müsəlman ölkələrində baş verir. Dünya bu dərin mənəvi böhrandan qurtulmaq üçün multikulturalizm və tolerantlıq ənənələrini gücləndirməlidir. İslam dinini doğru və düzgün yaşatmağa çalışan, eyni zamanda, dünyəvilik prinsiplərini də əsas alan ölkələr bu sahədə fəaliyyətlərini daha da genişləndirməli, radikal meyilli qüvvələrin İslam dünyasına, bütövlükdə bəşər cəmiyyətinə qarşı yönəltdiyi aqressiv siyasətə qarşı öz güclərini birləşdirməlidir.

Bu baxımdan ölkəmizdəki multikulturalizm və tolerantlıq modeli dünya üçün nümunə ola bilər. Bu dəyərlərin iflasa uğradığını və ya təsirsizləşdiyini bildirən şəxslər Azərbaycana gəlib, ölkəmizin praktikada bu modeli necə yaşatdığını görə bilərlər. Məhz bu kontekstdən yanaşaraq, biz ölkəmizdəki multikultural mühitin, dövlət-din münasibətləri modelinin yaxından öyrənilməsinin bütün dünyaya faydalı olacağına inanır və tolerant təcrübəmizi dost ölkələrlə hər zaman bölüşməyə hazırıq.

Yeri gəlmişkən, bu yaxınlarda Tacikistan Respublikasında bu mövzuda keçiriləcək beynəlxalq tədbirdə mən cənab Prezidentimizin müvafiq fikirlərini tədbir iştirakçılarına çatdırmağa çalışacağam.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti