Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir İlhamə İsabalayeva/
Bakıda uşaqlarını vaxtından əvvəl məktəbə getməsini arzu edən valideynlər (və ya qanuni nümayəndələr) üçün övladlarının müsahibədə iştirakı üçün iyulun 1-dən başlayan qeydiyyat sabah yekunlaşır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, qeydiyyat mektebeqebul.edu.az saytı vasitəsi ilə aparılır.
Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu məqsədilə Bakı şəhəri Nəsimi rayonundakı 42 nömrəli tam orta məktəbdə müsahibələr keçirilir. Qeydiyyatdan keçmiş valideyn müsahibənin tarixi və vaxtı barədə məlumat olan buraxılış vərəqəsini çap edərək göstərilən zamanda övladını 42 nömrəli məktəbə gətirməlidir.
Artıq qeydiyyatdan 3772 nəfər keçib. Qeydiyyatdan keçmiş uşaqlardan 742 nəfəri təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən edilmiş məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq kursunu bitirməsinə dair sertifikat əldə edib. Kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış xüsusi istedada malik və 6 yaşı sentyabrın 16-dan dekabrın 31-nə kimi tamam olan uşaqlar I sinfə müsahibədənkənar qəbul olunurlar.
İyulun 21-dən indiyədək keçirilən müsahibədən 871 nəfər məqbul, 534 nəfər isə qeyri-məqbul cavab alıb. Cavablar iki gün ərzində SMS şəklində valideynin mobil telefonuna və mektebeqebul.edu.az saytında yaratdığı şəxsi kabinetinə göndərilir.
Nəzərinizə çatdırırıq ki, məktəbə qəbul üçün avqustun 15-dən etibarən valideynlər müvafiq sənədləri təqdim etməklə seçdikləri məktəbdə fəaliyyət göstərən işçi qrupuna müraciət etməlidirlər.