...

Şirvanda infrastruktur layihələrinin icrasına başlanılır (FOTO)

Cəmiyyət Materials 5 Avqust 2015 18:19 (UTC +04:00)
Bu gün millət vəkili Azay Quliyev və “Şərq-Qərb” İdarəetmə İnstitutunun rəhbərliyi Şirvan şəhər İcra Hakimiyyətində görüş keçirib.
Şirvanda infrastruktur layihələrinin icrasına başlanılır (FOTO)

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Bu gün millət vəkili Azay Quliyev və "Şərq-Qərb" İdarəetmə İnstitutunun rəhbərliyi Şirvan şəhər İcra Hakimiyyətində görüş keçirib.

Trend-in məlumatına görə, görüşdə Şirvan seçicilərinin müraciətləri əsasında A.Quliyevin təşəbbüsü ilə hazırlanan infrastruktur layihələri ətraflı müzakirə edilib.

Məlumat verilib ki, Şirvanda 5 infrastruktur layihəsi həyata keçiriləcək. Bu sıraya Heydər Əliyev və Leytenant Mahmud İbrahimov küçələrində 850 ailənin yaşadığı məhəllələrdə mərasim evlərinin yenidən qurulması, Məhəmməd Əmin Rəsulzadə küçəsində 132 ailənin yaşadığı məhəllədə mərasim evinin tikintisi, Səməd Vurğun küçəsində 180 ailənin yaşadığı 2, Gülbala Şıxbalaoğlu küçəsində 175 ailənin yaşadığı 3 ictimai yaşayış binasının dam örtüklərinin təmiri, Neftçilər küçəsində 1200 sakinin yaşadığı ərazidəki 1 km məhəllədaxili yola asfalt örtüyünün çəkilməsi, Bayramlı qəsəbəsində idman meydançasının tikintisi və digər məsələlər daxildir.

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov reallaşdırılması nəzərdə tutulan layihələrin əhəmiyyətini vurğulayaraq onların həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılacağını deyib.

Daha sonra deputat A.Quliyev, M.Camalov, "SEDA" proqramının rəhbəri Tim Madiqan və proqramın infrastruktur layihələrinin icraçısı "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrail İsgəndərov layihələrin həyata keçiriləcəyi yerlərə baxış keçirib və yerli sakinlərlə görüşərək fikir mübadiləsi aparıb.

Qeyd edək ki, adıçəkilən layihələrin "Azərbaycanda Sosial-iqtisadi İnkişaf Fəaliyyəti" (SEDA) proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti