Azərbaycan, Bakı, 13 avqust /Trend/
"ASAN Könüllüləri" Təşkilatının təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə ASAN könüllülərinin I Spartakiadası keçirilib.
Fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirin açılış mərasimində, "ASAN Könüllülləri" Təşkilatının sədri Fərid Sadıxlı, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov, Sabirabad "ASAN xidmət" mərkəzinin direktoru Elvin Cəfərov, və Sabirabad rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev iştirak ediblər.
Sabirabad Olimpiya İdman Kompleksində keçirilən I Spartakiadada "ASAN xidmət" mərkəzlərindən 8 komanda daxilində 56 könüllü iştirak edib. ASAN könüllüsü İbrahim İbrahimovun ideya müəllifi olduğu "Sağlamlıq Günü" layihəsi çərçivəsində təşkil olunan yarışda iştirakçılar atletika, velosiped yarışı, üzgüçülük, qol gücü, kəndirdartma kimi idman növləri üzrə güclərini sınayıblar.
Tədbirin sonunda ümumi idman növləri üzrə ən çox xal qazanaraq I, II, III yerləri tutmuş komanda üzvləri medallarla təltif olunub. İlk ASAN Spartakiada kuboku I yeri tutmuş Sumqayıt "ASAN xidmət" mərkəzini təmsil edən komandaya təhvil verilib.
Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd gənclərimizə idmanı sevdirib, sadə fiziki məşqlərin gündəlik yerinə yetirilməsini aşılamaq, onları virtual aləmindən asılıqlarını olduqca minimallaşdırıb idman ətrafında cəmləşdirmək və nəhayət bu cür oyunları mütəmadi olaraq şəhər, region və ölkədaxili keçirməklə Azərbaycan Respublikasının gənclərini əhətə etməkdir.