Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir İlkin İzzət/
"Bakıkart"a gələcəkdə növbəti kartlar sifariş veriləndə onun üzərindəki yazılarda düzəliş ediləcək. Bunu Trend-ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, Bakı Metropolitenində və "Bakubus"da istifadə edilən gediş kartı - "Bakıkart"ın üzərində gedən yazılar cəmiyyətdə birmənalı qarşılanmayıb. Ona görə də kartın üzərindəki səhv olduğu bildirilən yazılarda düzəliş ediləcək: "Bildirilir ki, Azərbaycan dilinin nromaları pozulub. Bəli, biz də bunun fərqindəyik. Biz vahid gediş kartlarını Avropa Oyunlarından öncə istifadəyə verməyi planlaşdırırdıq. Lakin bir az gecikmə oldu. Bu kartlar Avropa Oyunlarından öncə sifariş verilib. Amma diqqətsizlik ucbatından kartın üzərindəki yazılarda səhv gedib. Bu günədək 150 minə yaxın kart satılıb. Satılmış kartlar sərnişinlər tərəfindən artıq istifadə olunur. Gələcəkdə növbəti kartlar sifariş veriləndə bu yazılarda düzəliş ediləcək".
Xatırladaq ki, artıq bir neçə gündür ki, Bakıda nəqliyyatda vahid gediş kartı hesab olunan, "Bakubus" avtobuslarında və metroda istifadə edilən gediş kartlarının üzərindəki yazılar KİV-lərdə sosial şəbəkələrdə ciddi müzakirə edilir.
Belə ki, kartın bir üzündə "Kartı rəsmi satış məntəqəsindən alınız", "Kart balansını artırmaq üçün rəsmi ödəniş terminallarından istifadə ediniz", "Kartınızı zədələməyiniz" kimi cümlələr yer alır. Bir çoxlarının, o cümlədən mütəxəssislərin fikrincə, burada "alınız", "ediniz", "zədələməyiniz" kimi ifadələrin işlədilməsi düzgün deyil. Çünki müasir Azərbaycan dilində belə ifadə formaları yoxdur. Bəziləri isə hətta bunu Azərbaycanın dövlət dilinə hörmətsizlik kimi qəbul edir.
Qeyd edək ki, "Bakıkart"ın terminallarında kartı alanda və ya gediş haqqı yüklənəndə sərnişinə təqdim olunan çeklərdə nə "Bakı Metropoliteni" QSC-nin, nə də "Bakubus" MMC-nin adı yox, məhz kartın buraxılmasına məsul şirkət olan "K group" MMC-nin adı yazılır.