...

TQDK-dan qalmaqallı "Azərbaycan tarixi" məlumat kitabı barədə açıqlama

Cəmiyyət Materials 1 Sentyabr 2015 16:34 (UTC +04:00)
"Qəbul proqramı əsasında hazırlandığı iddia olunan “Azərbaycan tarixi” adlı məlumat kitabı və digər bu tipli vəsaitlərlə TQDK-nın heç bir əlaqəsi yoxdur".
TQDK-dan qalmaqallı "Azərbaycan tarixi" məlumat kitabı barədə açıqlama

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir Elmir Murad/

"Qəbul proqramı əsasında hazırlandığı iddia olunan "Azərbaycan tarixi" adlı məlumat kitabı və digər bu tipli vəsaitlərlə TQDK-nın heç bir əlaqəsi yoxdur".

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bir neçə gündür bəzi saytlarda və sosial şəbəkələrdə "Didaktika" adlı bir nəşriyyat tərəfindən hazırlandığı qeyd olunmuş "Azərbaycan tarixi" adlı məlumat kitabı ilə bağlı geniş müzakirələr aparılır. Qeyd olunan vəsaitin giriş hissəsində onun TQDK-nın qəbul proqramları əsasında hazırlandığı qeyd olunub.

Bildirilib ki, Komissiya tərəfindən hər il ali və orta ixtisas təhsili müəssisələrinə qəbul proqramları hazırlanaraq dekabr ayında nəşr olunur: "2016-cı il üzrə qəbul proqramları hələ ki hazırlanmayıb, buna görə də qeyd olunan vəsait qəbul proqramına uyğun ola bilməz".

Komissiyadan deyilib ki, abituriyent hazırlığı ilə məşğul olan kurslar bir sıra hallarda özlərinin nəşr etdikləri vəsaitlərin abituriyentlər arasında daha etibarlı olmasına inandırmaq, hazırlıq kursunun nüfuzunu artırmaq, daha çox abituriyent cəlb etmək üçün TQDK-nın adından qeyri-qanuni olaraq istifadə edir, bunun Komissiyanın proqramı əsasında və ya TQDK-nın ekspertləri tərəfindən hazırladığını iddia edirlər.

Qeyd edək ki, abituriyentlərin hazırlığına kömək məqsədilə TQDK-nın Ekspert Şurası tərəfindən hazırlanan tədris vəsaitləri yalnız "Abituriyent" jurnalına əlavə kimi dərc olunaraq ictimaiyyətə təqdim olunur. Bundan başqa, TQDK-nın heç bir hazırlıq kursu ilə hər hansı əlaqəsi yoxdur.

İctimaiyyətin nəzərinə bir daha çatdırmaq istəyirik ki, yuxarıda qeyd olunan "vəsait" də bu qəbildən olmaqla Komissiyaya heç bir aidiyyəti yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti