Azərbaycan, Bakı, 18 sentyabr /Trend/
Yunus Oğuz
"Azərbaycanın geosiyasəti"
Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr
Odur ki, prezidentin bu bəyanatını doğru və düzgün hesab edirəm. Hələ mən yazmıram ki, başqa qüvvələrin dəstəyi ilə Ermənistan-Azərbaycan müharibəsi yenidən alovlansın. Xaos və başıpozuq cəmiyyətdə müharibənin necə aparılmasının və necə məğlub olub torpaqlarımızı itirməyimizin 1992-93-cü illərdə şahidi olduq. Sual olunur: Azərbaycan dövləti regionda bu qədər nüfuz qazandıqdan (heç bir iqtisadi, siyasi, strateji layihə Azərbaycandan yan ötmür, onun fikri, düzəlişləri nəzərə alınır, razılaşdırılır, həyata keçirilir.) sonra dövlətimiz bu məkanda, eyni zamanda bu müddət ərzində qazandığı nüfuzu və reytinqi niyə itirməlidir?
Nəzərə alaq ki, Ermənistanla hər zaman müharibə ərəfəsindəyik və situasiya çox zərif və şüşə kimidir. Bir daş atsan bu şüşənin üstünə, çilik-çilik olacaq. Hər iki tərəfə guya kömək və yardım etmək istəyən qüvvələrə meydan açılacaq, bununla da onlar regionda geosiyasi, geoiqtisadi, geostrateji maraqlarını həyata keçirməyə çalışacaqlar, son nəticədə region, o cümlədən Azərbaycan hansısa qüvvənin maraq dairəsinə çevriləcək. Indiki zamanda isə Azərbaycan iqtisadi, siyasi və strateji sahələrdə özünü etibarlı tərəfdaş kimi və bu yolun düzgünlüyü dövlətimizə böyük reytinq gətirir. Hörmətli professor kitabında qeyd edir: "Mütəxəssislər Azərbaycanın etibarlı bir tərəfdaş kimi göstərir son illər alternativ yollarla Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolunu da xüsusi qiymətləndirirlər. Çoxsaylı təzyiqlərə (fikir verin- "çoxsaylı təzyiqlər"- Y. O.) baxmayaraq, Xəzər dənizindən çıxarılan neft və qaz məhsullarının Avropaya çatdırılması ilə bağlı ardıcıl siyasət nümayiş etdirməsi, Avropanın enerji təminatında mühüm rol oynayacaq yeni TAP, TANAP və s. kimi transmilli layihələrin reallaşması istiqamətində ciddi iş aparması və s. Azərbaycanın qərb partnyorları qarşısında öz tərəfdaşlıq siyasətinə sadiq qaldığının xüsusi göstərici hesab olunur. Təbii ki, bi tipli layihələrin icra olunmasında ABŞ kimi böyük dövlətlərin dəstəyinin də xüsusi rolu olub". (Bax, s. 295)
Görürsünüzmü, Azərbaycan dövləti və onun prezidentinin düşünülmüş müstəqil siyasəti hətta bu layihəyə rəqib olan, Rusiya üçün böyük önəm kəsb edən, Türkiyədən Avropaya nəql olunacaq "Türk axını" layihəsini də neytrallaşdırdı, baxmayaraq ki, bu layihə TAP və TANAP-a qarşı alternativ olmaqla yanaşı, həm də rəqib idi. Əli Həsənov "çoxsaylı təzyiq"lər yazdıqda onlardan biri olan "Türk axını" layihəsini nəzərdə tuturdu. Amma, bunlar arxada qaldı və Qərb dövlətləri Azərbaycanın regionda etibarlı tərəfdaşlığını nəzərə alaraq, eyni zamanda Rusiya ilə siyasi, iqtisadi, strateji münasibətlərin korlanması və pik həddinə çatması Xəzər və Qara dəniz hövzəsində bu layihələrin həyata keçirilməsində ölkəmizə üstünlük verdilər. Bu həm də işğal olunmuş torpaqlarımızın geri qaytarılmasında Azərbaycana üstünlük qazandırır.
Nəhayət, Əli Həsənov ABŞ münasibətlərinə yekun vuraraq yazır ki, bu gün etibarlı bir tərəfdaş olaraq öhdəliklərini yerinə yetirən Azərbaycan ABŞ-dan adekvat addımlar gözləyir və buna onun tam haqqı var. Xüsusən, Bakı rəsmi Vaşinqtondan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində irəliləyiş gözləyir. Bu məsələ elə Dövlət Departamentinə də aiddir. Çünki yürüdülən ikili standartlar sonda iki mühüm strateji tərəfdaş arasında münasibətlərin pisləşməsinə səbəb ola bilər. Azərbaycanla geosiyasətində qaydasında olması daha çox ABŞ-a lazımdır.
***
Əlbəttə, Avrasiyanın geosiyasi və geoiqtisadi məkanında Avropa İttifaqını nəzərdən qaçırmaq olmaz, baxmayaraq ki, bu qurum SSRİ dövründə yarananda ona ABŞ-ın əlavəsi kimi baxırdılar və çox zaman Avropa İttifaqını "Qərb" termini ilə əvəzləyirdilər. Müəllif öz kitabında qeyd edir ki, SSRİ-nin süqutundan sonra Avrasiya bölgəsinə ən çox can atan və geosiyasi fəaliyyət göstərən strukturlardan biri məhz köhnə qitə dövlətlərini öz tərkibində birləşdirərək dünyanın aparıcı geosiyasi güc mərkəzi kimi çıxış edən, müasir dünyada ən nümunəvi iqtisadi, siyasi və sosial birlik modeli kimi çıxış edən Avropa İttifaqı oldu.
Mütəxəssislər maraqlı bir hesablama ortalığa çıxarıblar. Belə ki, hazırda istehsal olunan ümumdünya məhsulun 20 faizi və dünya ticarətinin 40 faizi Avropa İttifaqının payına düşür. Bu çox böyük göstəricidir. Bu o deməkdir ki, iqtisadi güc, maliyyə məsələlərində Aİ üstündür və o təkcə iqtisadi şərtlər deyil, həm də siyasi şərtlər irəli sürmək, onları həyata keçirmək iqtidarındadır. Təsadüfi deyildir ki, bu gün Avropa İttifaqının aparıcı dövlətləri Almaniya və Fransa Avrasiyanın geosiyasi məkanında dominantlıq edir, bu bölgədə gedən silahlı toqquşmaları dayandırmağa çalışır, yaxud özünün defolt elan etmək istəyən Yunanıstan və Ukraynaya yardımlar edir, bunula da birincini Avropa İttifaqının tərkibində saxlayır, ikincini isə üzv olmaq istədiyi quruma yaxınlaşdırır. Bu iki dövlət Ukraynanın Şərqindəki, faktiki olaraq Rusiya ilə aparılan müharibəni dayandırmağa müəffəq oldu və özlərini Ukraynadan ayrılıb Luqansk Xalq Respublikası və Donetsk Xalq Respublikası elan edən separatçıların müharibəni davam etdirilməsi istəyinin qarşısı aldı. Bu arada bu iki dövlət Rusiyaya təzyiqləri artıraraq müharibənin dayandırılması razılığını əldə etdi və Minsk müzakirəsi baş tutdu.
Yaxud, Rusiyanın Krımı ilhaq edəndə Avropa İttifaqı özünün sərt üzünü göstərdi və Rusiyaya ticari və hərbi ticari embarqo qoymaqla, bütün ticarət əlaqələrini kəsməklə bu dövləti inflyasiya bataqlığına sürüklədi. Neftin qiyməti ucuzlaşdı, milyardlarla ticarət müqavilələrin həyata keçirilməsi dayandırıldı. Əgər Rusiyanın Aİ ilə münasibətləri pozulmayana qədər , yəni 2014-cü ilin əvvələrində 1 dollar 30 rubl idisə, 2015-ci ilin avqust ayında bu kurs nisbəti 1 dolların 65 rublə oldu. Rusiya da məcbur olub həm daxili resurslarını cəmləşdirərək sovet məkanında iqtisadi əlaqələri gücləndirməklə, həm də Çin və Hündistana üz tutub, bu iki dövlətlə böyük layihələr həyata keçirmək istəyilə böhrandan çıxmağa çalışır.
Eyni zamanda beynəlxalq səviyyədə BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) geniş ticarət şəbəkəsi qurmaq istəyi ilə Rusiya ABŞ və Aİ-nin qurduğu hörümçək şəbəkəsindən qurtulmaq istəyir. Eyni zamanda Rusiya üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı vasitəsi ilə də Avropada itirdiklərini kompensasiya etmək də israrlıdır. Lakin, əsasən Avropa İttifaqı Rusiyanı bütün sahələrdə sıxışdırır və bunun da nəticələri özünü çox gözlətmir.
Bunun da özəl səbəbləri var. Bu barədə Əli Həsənov yazır: "Mütəxəssislərin fikrinə görə, Avropa İttifaqının Avrasiya regionuna marağı ötən əsrin 90-cı illərinin əvvəllərindən yaransa da bölgədə aktivliyi əsasən üçüncü minilliyin başlanğıcından sonraya təsadüf edir. Mütəxəssislər bunu Avropa İttifaqının genişlənməsi, Şərqi Avropanın bu quruma qoşulmasından sonra Cənubi Qafqazın və Xəzər dənizi hövzəsinin vahid Avropanın sərhədlərinə bir qədər də yaxınlaşması və s. səbəblər ilə izah edilir.
Məlumdur ki, öz sərhədləri yaxınlığnda hər hansı qeyri sabitliyin mövcudluğu Avropa İttifaqı üçün də ciddi təhlükə mənbəyi yarada bilər. Buna görə Avropa İttifaqı ölkələrinin rəsmiləri bəyan edirlər ki, bölgədə maraqları olan digər güc mərkəzlərindən fərqli olaraq, İttifaq strukturları regionda təkcə geosiyasi maraqlar güdmür, həm də sabitliyin bərqərar olması yollarını axtarır". (Bax, s. 307-308)
Ardı var