Azərbaycan, Bakı, 6 oktyabr /Trend/
"Azərpoçt" MMC-nin Bakı şəhəri üzrə poçt şöbələrinin əməkdaşlarının hazırlıq və ixtisas artırma prosesi tam şəkildə elektron tədris vasitəsilə həyata keçirilir. Hazırda poçt şöbələrində çalışanların biliklərinin artırılması üçün 19 elektron təhsil kursu işlənib hazırlanıb.
Tədris SİNAM şirkətinin təqdim etdiyi CLIX tədris sistemilə həyata keçirilir. SİNAM şirkəti sözügedən tədris prosesinə həm də texniki dəstək göstərir.
Distant kurslar "Azərpoçt" şöbələrində əhaliyə əməliyyat xidmətlərini göstərmək üçün gərəkən tam biliklər paketini daxil edir. Əməliyyatçılar müxtəlif əməliyyatları yerinə yetirmək üçün müvafiq bilikləri əldə edir, müştərilərlə ünsiyyət qaydalarını, biznes-etikanı və s. öyrənir. Bundan əlavə, Microsoft-un ofis proqramlarının istifadəsi üçün də nəzərdə tutulan bir neçə kurs da hazırlanıb.
Tətbiq edilmiş model çərçivəsində bütün əməkdaşlar tədris kurslarında distant, yəni iş yerini tərk etmədən və uyğun bir vaxtda keçə bilər. Biliklərin sınağı da onlayn rejimində "Azərpoçt"un baş ofisində nəzarətçilərin iştırakı ilə həyata keçirilir. 2,5 mindən çox əməkdaş artıq elektron tədris kurslarından keçib.
Yaxın zamanlarda "Azərpoçtun"un regional şöbələrinin də əməkdaşları öz ixtisaslarını qeyd olunan elektron təhsil sisteminin yardımı ilə artıracaqlar.