Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Elmir Murad/
Heydər Əliyev prospektinin "Sabunçu yol qovşağı"ndan (Komsomol dairəsi) Bakıxanov qəsəbəsinə gedən yolda səth sularının normal şəkildə kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin qurulması işlərinə start verilib.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, yağış-kanalizasiya sisteminin qurulması üçün yolun kənarı 1,5-3,5 metr dərinlikdə qazılıb. Səth sularının normal şəkildə axıdılması üçün 400 millimetr diametrlik borudan istifadə olunur, hər 25-30 metrdən bir kanalizasiya quyuları qoyulur. Bundan sonra qazılan ərazinin üstü bərkidilərək asfaltlanacaq və quyuların üzərinə yağış barmaqlıqları qoyulacaq.
Qeyd edək ki, sözügedən ərazidə səth sularının normal şəkildə kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi olmadığı üçün həm yağış yağarkən, həm də yolun kənarlarındakı yaşıllıq suvarılarkən axıdılan su yolun hərəkət hissəsinə yığılırdı. Bu isə həm nəqliyyat vasitələrinin hərəkətinə mane olurdu, həm də yolun asfalt-beton örtüyünün yuyulmasına səbəb olurdu.