Azərbaycan, Bakı, 9 oktyabr /Trend/
Bu ilin ötən dövründə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) iş yerlərində əməkhaqları və digər sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtlı-vaxtında ödənilməsi istiqamətində tədbirləri gücləndirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qeyd olunan ödənişlərin gecikdirilməsi halları ilə üzləşdikdə işçilərin məhz DƏMX-ə müraciət etməli olduqları barədə əmək kollektivlərində ardıcıl maarifləndirmə tədbirləri aparılıb və bu da vətəndaşların belə məsələlərlə bağlı məhz Xidmətə müraciət etmələrinə, bu quruma inamlarının artmasına şərait yaradıb.
Cari ilin sentyabr ayında həyata keçirilən nəzarət tədbirləri və vətəndaşların müraciətləri ilə bağlı görülən tədbirlər nəticəsində Xidmət ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfə çox, yəni 863 001 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Həmin vəsait əsasən gecikdirilmiş əmək haqlarından ibarət olub. Bu sahədə qanunvericiliyin tələblərinin pozulması hallarının daha çox sahibkarlıq subyektlərində baş verdiyi müəyyən edilib və belə hallara yol vermiş işəgötürənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati tədbirlər görülüb.
Ümumilikdə cari ilin yanvar-sentyabr aylarında 1 502 739 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 3,6 dəfə çoxdur. Ödənilməsi təmin olunan gecikdirilmiş sosial xarakterli ödənişlərin 1407267 manatı (93,6 faiz) əmək haqlarından, 82 947 manatı (5,5 faiz) işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, qalanı isə zərərə görə ödənclərdən ibarət olub.
Hesabat dövründə işdən qeyri-qanuni şəkildə azad edildiyi müəyyən olunan 16 nəfərin Xidmət tərəfindən yenidən öz əvvəlki işinə bərpa olunması da təmin edilib.