Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Bu gün XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür.
Trend-in məlumatına görə, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri bu gün II Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Aida İmanquliyevanı Azərbaycan qadınının simvolu hesab etdiyini deyib: "Hər dəfə bu xanımı yad edəndə hər birimizin qəlbində iftixar hissi oyanır. Fəxri Xiyabanda bizim nə qədər dəyərli xanımlarımızın məzarı var. Biz təbii ki, bunları yad etməliyik. Aida İmanquliyeva, Zərifə Əliyeva kimi xanımlarımız başqa olmaqla bütün dəyərli xanımları yad etməliyik. Bütün tədbirlərdə, diskussiyyalarda qeyd edilməlidir ki, Azərbaycan qadını öz hüquqlarını tələb etməyi, dünya arenasında sözünü deməyi bacarır".
S.Qəhrəmanova qeyd edib ki, Aida xanım görkəmli bir alim olmaqla yanaşı, həm də gözəl ana və mükəmməl həyat yoldaşı olub: "Onun sədaqəti, vəfası, övladlarına göstərdiyi qayğı gözümüzün qarşısındadır. Biz bunların hamısının şahidi olmuşuq. Açığını deyim ki, ailəsinə, həyat yoldaşına, övladlarına bu qədər bağlı bir insanı çətin təsəvvür etmək olar. Aida xanın özünü ailəsinə, övladlarına fəda edirdi. Təbiidir ki, bu münasibətlər həmişə qarşılıqlı olub. Aida xanımın dünyaya gətirdiyi övladlarını görəndə fikirləşirik ki, Azərbaycan qadını məhz belə olmalıdır. O, gözəl övladlar yetişdirib. Bu gün Mehriban xanımın, Nərgiz xanımın nailiyyətlərini görəndə biz doğrudan da Aida xanımla fəxr edirik. Onun övladları bu gün cəmiyyətimizə, dövlətimizə, dövlətçiliyimizə xidmət edir, Azərbaycan qadınının adını ucadan uca tuturlar. Aida xanımın ruhu şad olsun. Belə xanımlarımız daim anılsın".
Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva 10 oktyabrın institutun kollektivi üçün çox önəmli gün olduğunu xatırladıb. O qeyd edib ki, tarix boyu türk xalqı, o cümlədən Azərbaycan xalqı çox görkəmli qadınlar yetişdirib: "Bu qadınlar dövlət xadimləri, görkəmli diplomatlar, alimlər, ictimai xadimlər olub. Onların da sırasında çox önəmli bir yeri XX əsr Azərbaycan elminin ən görkəmli nümayəndələrindən biri olan Aida İmanquliyeva tutur. Aida İmanquliyeva XX əsr Azərbaycan qadınlarının ən görkəmli nümayəndələrindən biridir. Bir alim kimi o, uzun müddət Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışıb. Ömrünün son illərində bu instituta rəhbərlik edib".
G.Baxşəliyeva əlavə edib ki, Aida xanımın bu institutun inkişafında, şərqşünas kadrların yetişdirilməsində, elmi-tədqiqat işlərinin müəyyən edilməsində, perspektiv planların işlənilməsində çox böyük rolu var: " O, uzun müddət instututun ərəb filologiyası şöbəsinə rəhbərlik edib, 15-dək yüksək ixtisaslı elmi kadr yetişdirib. Aida xanım hər bir cəhətdən-istər bir alim kimi, istər bir qadın, istərsə də bir dost kimi çox yüksək keyfiyyətlərə malik idi. O, həmişə əməkdaşlarına çox diqqətlə, qayğı ilə yanaşırdı, məsləhətlər verirdi. Aida xanımın həyatdan getməsi bizim institut üçün həqiqətən də böyük itki oldu. O itkinin acısını biz bu gün duyuruq, yaşayırıq".
G.Baxşəliyeva bildirib ki, Aida xanımın açdığı cığırlar bu gün institutda inkişaf edir və bu da öz növbəsində şərqşünaslıq elmimizi inkişaf etdirir: "Aida xanım özü bir alim kimi bu elmin inkişafına çox böyük töhfə verib. Aida xanım ədəbiyyatların sintezi, onların bir-birinə qarşılıqlı təsirini öyrənən çox az sayda mütəxəssislərdən, məhcər- ərəb ədəbiyyatının çox gözəl tədqiqatçılardan olub. Onun bu sahədə yaratdığı əsərləri bu gün dünyanın bir çox dillərinə tərcümə olunub. Onun kitabları şərqşünaslıq elminin o sahəsi ilə məşğul olan alimlərin demək olar ki, stolüstü kitablarına çevrilib. Hələ sovetlər dönəmində xaricə o qədər də gedib-gələ bilmirdik. Aida xanım bir sıra xarici ölkələrdə Azərbaycan şərqşünaslıq elmini böyük ləyaqətlə təmsil edib".
G.Baxşəliyeva bildirib ki, Aida xanım institut direktoru vəzifəsindən başqa bir sıra vəzifələr də tutub. O, İxtisaslaşmiş Müdafiə Şurasının sədri, Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Azərbaycanda sədr müavini olub və bu vəzifələrin hər birinin öhdəsindən uğurla gəlib.
Qeyd edək ki, Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsini bitirən Aida İmanquliyeva 1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib. Aida İmanquliyeva Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçidən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlib. O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti Rəyasət Heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü idi. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Aida İmanquliyeva Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri olub.
Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanmasını diqqət mərkəzində saxlayıb.
Üç monoqrafiya ("Mixail Nuaymə və "Qələmlər birliyi", Moskva,1975; "Cübran Xəlil Cübran", Bakı, 1975; "Yeni ərəb ədəbiyyatının korifeyləri", Bakı, 1991) və 70-dən artıq elmi məqalənin müəllifi olan İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub.