Azərbaycan, Bakı, 13 oktyabr /Trend/
Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi ənənəvi olaraq həyata keçirdiyi 1-ci kurs tələbələri ilə görüşlərinə davam edir. BDU THİK İctimaiyyətlə əlaqələr departamentindən Trend-ə verilən məlumata görə, bu dəfəki görüş Sosial elmlər və Psixologiya (SEP) və Jurnalistika fakültələrinin 1-ci kurs tələbələrinə həsr olunub.
Tədbirdə BDU THİK sədri Daşqın Qənbərov, THİK-nin sədr müavini Şahin Şərifov, Jurnalistika fakültəsi THT sədri Azərpaşa Hüseynli, SEP fakültəsi THT sədri Əlif Əlifzadə, "Gənc Reportyorlar" Birliyinin BDU üzrə rəhbəri Rəşid Mustafazadə, BDU-nun gənc müəllimi Rəşad Qardaşov və digərləri iştirak edib.
BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Daşqın Qənbərov tələbələr üçün nəzərdə tutulmuş müxtəlif sosial təminat imkanlarından danışıb. O, tələbələri universitetdə fəaliyyət göstərən dərnəklərə qoşulmağa və istedadlarını üzə çıxarmağa səsləyib.
SEP fakültəsi THT sədri Əlif Əlifzadə yeni tələbələri təbrik edib və onların gələcək inkişafı üçün əlindən gələni etməyə hazır olduğunu deyib.
Çıxış edən Jurnalistika fakültəsi THT sədri Azərpaşa Hüseynli gələcək fakültədə reallaşdırılan və gələcəkdə nəzərdə tutulan layihələrdən söz açıb. O bildirib ki, fakültədə təhsil alan hər bir tələbə öz yeni ideyalarının gerçəkləşdirilməsinə nail ola bilər.
"Gənc Reportyorlar" Birliyinin BDU üzrə rəhbəri və THİK-in mətbuat katibi Rəşid Mustafazadə birliyin fəaliyyəti barədə geniş məlumat verərək, tələbələti yaxın zamanda həyata keçiriləcək layihələrdə yaxından iştirak etməyə çağırıb. Mustafazadənin sözlərinə görə, son zamanlar Jurnalistika fakültəsində yaradıcı potensialı ilə seçilən xeyli sayda tələbələr yetişməkdədir.
Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının müəllimi Rəşad Qardaşov yeni tələbələrə öz tələbəlik illəri və BDU ilə bağlı xatirələrindən danışıb. O qeyd edib ki, çalışqan və istəkli tələbə qısa müddət ərzində təsəvvür etmədiyi zirvələri fəth edə bilər.
Sonda tədbir müzakirə ilə yekunlaşıb.