...

Şamaxılılara şad xəbər (FOTO)

Cəmiyyət Materials 26 Oktyabr 2015 15:35 (UTC +04:00)
İstehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə su mənbəyi Pirsaatçay seçilib.
Şamaxılılara şad xəbər (FOTO)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir Elmir Murad/

Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən birgə maliyyələşdirilən "Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi" çərçivəsində Şamaxı şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yekunlaşıb.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən Trend-ə daxil olan məlumata görə, "Şamaxı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Şamaxı şəhərində 41 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmaqla 3 mərhələdə həyata keçirilir.

İstehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə su mənbəyi Pirsaatçay seçilib.

Layihənin birinci mərhələsi çərçivəsində çayın məcrasında 2441 metr uzunluğunda drenaj tipli suqəbuledici və xlorator qurğuları, ümumi həcmi 1000 kubmetr olan 2 ədəd su anbarı, 3 ədəd su nasos stansiyası tikilib.

Layihə çərçivəsində su mənbəyindən anbarlara qədər 3,4 km özüaxımlı magistral və anbarlararası kəmərlər çəkilib və laboratoriya binası inşa edilib.

Layihənin ikinci mərhələsində Şamaxı şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri həyata keçirilib. Su təchizatının dayanıqlığını və özüaxımlı rejimdə nəqlini təmin etmək üçün ümumi tutumu 7 min kubmetr olan 4 ədəd anbar inşa edilib.

Şəhər üzrə layihələndirilmiş 131 km içməli su şəbəkəsinin 125 km-lik hissəsində işlər başa çatdırılıb, 7 minə yaxın ünvana birləşmə verilib. Eyni zamanda 130 km kanalizasiya şəbəkəsinin 114 km-lik hissəsində işlər yekunlaşıb, şəbəkə üzərində 2692 ədəd kanalizasiya baxış quyusu inşa edilib. Kanalizasiya şəbəkəsinin hazır hissəsinə 4100 ünvan qoşulub.

Şamaxı şəhərində yaranacaq tullantı sularının təmizlənməsi layihənin sonuncu mərhələsi çərçivəsində hazırda inşası davam etdirilən və sutkalıq məhsuldarlığı 10 min kubmetr olan çirkab sutəmizləyci qurğuda həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti