...

Tanınmış aktyor tələbələrlə Dədə Qorqudu oynayacaq (FOTO)

Cəmiyyət Materials 28 Oktyabr 2015 17:42 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorunun məsləhətçisi Ramilə Qurbanlı
Tanınmış aktyor tələbələrlə Dədə Qorqudu oynayacaq (FOTO)

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorunun məsləhətçisi Ramilə Qurbanlı

Sovet quruluşunun mənfi cəhətləri çox idi, bunu hamımız bilirik, amma yaxşı, indinin özündə də nümunə götürəcəyimiz xüsusiyyətləri də var idi. Məsələn, insanların asudə vaxtları asanlıqla təşkil olunurdu. Bütün ali və orta ixtisas məktəblərdə, zavod və fabriklərdə, təşkilatlarda müxtəlif dərnəklər fəaliyyət göstərirdi, o cümlədən dram dərnəkləri də.

Peşəkarlar həmin dram dərnəklərində istedadını, potensialını göstərə bilən insanların əlindən tutub böyük səhnələrə çıxarırdılar.

Lütfəli Abdullayev, Əliağa Ağayev, Süleyman Ələsgərov kimi böyük sənətkarlar dəmir yol idarəsinin, zavodların dram dərnəklərindən yetişib peşəkar səhnələrə çıxıblar.

Azərbaycan teatr və kino sənətinin silinməz imzası Hökumə Qurbanova pedaqoji təhsil almışdı, amma oxuduğu ali məktəbin dram dərnəyindən kinoya ilk addımını ata bilmişdi.

Bu qəbilli çox misal gətirmək olar, amma söhbətin məğzinə gəlmək istəyirəm. Bu gün Azərbaycan kinosu və teatrı böhran vəziyyətindən bütünlüklə çıxa bilmir. 90-cı illərdə düşdüyü qədər uçurumda olmasa da zirvələrə də yüksəlməyib, hələ də çabalamaqdadır, çünki bir vaxtlar üstündən xətt çəkib hökmünü oxuduğumuz bəzi dəyərləri hələ də bərpa edə bilməmişik. Dağıtmaq asanıdır, çətin olan dağılanı bərpa etməkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu maarifləndirmə missiyasını əlində əsas tutaraq, bu sahəyə də diqqət ayırır. Ali və orta ixtisas məktəblərində dram dərnəklərinin yaradılmasına və inkişafına start verilib. Artıq Azərbaycan Pedaqoji Universitetində 80 nəfərdən artıq tələbə dram dərnəyinə üzv yazılıb. Yaxın zamanlarda dərnək fəaliyyətə başlayır və ilk işi "Kitabi-Dədə Qorqud" boylarından birinin səhnələşdirilməsi olacaq.

Universitetdə Bilik Fondunun İnformasiya təminatı sektorunun təşkilatçılığı ilə aktyor Şamil Süleymanovla tələbələrin görüşünün keçirilməsi bu addımın tərkib hissəsdidir.

Tədbirdə universitetin təlim-tərbiyə işləri üzrə prorektoru Fikrət Rzayev, Elm və innovasiyalar şöbəsinin müdiri Yaşar Hüseynəliyev, Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova və məsləhətçi Ramilə Qurbanlı iştirak ediblər.

Prorektor Fikrət Rzayev qonaqları salamlayıb, görüşün mahiyyətindən söz açıb. Bilik Fonduna universitetdə dram dərnəyinin yaradılması təşəbbüsü ilə çıxış etdiyinə və bu günkü görüşə görə təşəkkürünü bildirib. Tədbirin təşkilatçısı və Fondun əməkdaşı olaraq mən də təmsil etdiyim qurumun maarifçilik missiyasından və ali məktəblərdə dram dərnəyinin yaradılmasının əhəmiyyətindən danışdım.

Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsinin tələbəsi Şəfaqət Məmmədova Şamil Süleymanovun kino yaradıcılığı barədə tələbələrə məlumat verib. Tələbələrin aktyor üçün hazırladıqları sürpriz - slayd nümayiş olunub. Aktyorun çəkildiyi filmlərdən hazırlanmış kadrları auditoriya böyük maraqla qarşılayıb.

Tələbələrdən bəziləri Şamil Süleymanovun sevimli şairinin - Ramiz Rövşənin şeirlərini əzbər söyləyiblər. Arada aktyor özü də onlara qoşulub Ramiz Rövşənin "Küsüb gedirəm" şeirini səhnələşdirlimiş formada təqdim edib.

Bir sözlə, çox səmimi və isti ovqatla keçən görüş iki saata yaxın davam edib.

Hər başlanğıcın sonu olduğu kimi, bu görüş də ən maraqlı yerində tamamlandı. Qoy, tələbələr heç vaxt bezməsinlər, əksinə, həsrətlə belə görüşləri gözləsinlər. Ustad sənətkarlarla ünsiyyətdən həm gənclərin zövqü, dünyagörüşü formalaşar, həm də sənətimiz qazanar, səhnələrimizə yeni istedadlar gələr.

Aktyor Şamil Süleymanov APU-da yaradılmış dram dərnəyinin üzvlərinə "Kitabi-Dədə Qorqud" boyları əsasında hazırlayacaqları tamaşada peşəkar köməyini əsirgəməyəcəyinə, hətta tamaşalardan birində Dədə Qorqud rolunu oynayacağına söz verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti