Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Bu gün Bakıda Təhsil Nazirliyi və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin birgə təşkilatçılığı ilə "Bayraq yürüşü" keçirilib.
Trend-in məlumatına görə, 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin əməkdaşları, universitet rektorları, millət vəkilləri, tanınmış ziyalılar, müəllimlər, KİV rəhbərləri, QHT nümayəndələri, ölkəmizin ümumtəhsil, məktəbdənkənar, ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, Dövlət Bayrağı hər bir azərbaycanlının qürur mənbəyidir: "Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir".
Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği və iştirakçılara Dövlət Bayrağı Muzeyində tarixi Azərbaycan dövlətləri rəmzlərinin tanıdılmasından ibarətdir.