...

Elmin İnkişafı Fondu 2015-ci il üçün əsas müsabiqəsini elan etdi

Cəmiyyət Materials 15 Dekabr 2015 14:27 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2015-ci il üçün kompleks elmi-tədqiqat proqramları üzrə əsas qrant müsabiqəsini elan edib.
Elmin İnkişafı Fondu 2015-ci il üçün əsas müsabiqəsini elan etdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2015-ci il üçün kompleks elmi-tədqiqat proqramları üzrə əsas qrant müsabiqəsini elan edib.

Fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqə akademik və təhsil sistemindəki elmi-tədqiqat müəssisələrinin, bölmə və mərkəzlərinin və elmlə əlaqəli digər qurumların elmi fəaliyyətini stimullaşdırmaq, modern elmi cihaz, avadanlıq və qurğularla təminatını təkmilləşdirmək, elmin ayrıca götürülmüş sahə və istiqamətlərinin (xüsusi olaraq, multidissiplinar araşdırmaların) davamlı inkişafını dəstəkləmək, əhəmiyyətli və rəqabət apara biləcək elmi nəticələr alınmasına şərait yaratmaq və kadr hazırlığını təmin etmək məqsədi daşıyır. Qurumlar tərəfindən təqdim ediləcək kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin böyük maliyyə həcmli qrantlar (100 min - 500 min manat) verilməsi yolu ilə maliyyələşdirilməsi nəzərdə tutulur. Layihələrdə alimlər üçün stimullaşdırıcı əmək haqqı, cihaz, qurğu və avadanlıqların alınması və elmi ezamiyyətlər nəzərdə tutulur.

Müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 8 milyon manatdır.

Elmi ekspertizanın nəticələri əsasında seçim zamanı multidissiplinar tədqiqatlar üzrə tәqdim olunmuş, tətbiqi xarakterli, müxtəlif qurumlardan olan alim və mütəxəssislərin iştirak etdiyi, xüsusilə akademik və təhsil qurumlarının birgə layihələrinə, beynəlxalq əməkdaşlıq çərçivəsində yerinə yetirilməsi planlaşdırılan, həmçinin gənclərin və regionlardan olan alim və mütəxəssislərin iştirak etdiyi layihәlәrә üstünlük veriləcək.

Müsabiqənin əsas prioritetləri yüksək enerjilər fizikası; müxtəlif sistemlər üçün kvant hesablamaları; müdafiə və təhlükəsizlik istiqamətində elmi-texniki tədqiqatlar; kosmik tədqiqatlar, Yerin məsafədən zondlanması; informasiya təhlükəsizliyinin təmin olunması; alternativ enerji mənbələri; molekulyar-genetik tədqiqatlar; kənd təsərrüfatı biotexnologiyaları, torpaq münbitliyi və ərzaq təhlükəsizliyi; kök-hüceyrə tədqiqatları, herantologiya; hidrofob və antibakterial xassəli yeni polimerlərin tədqiqi; kimyəvi kinetika və kataliz üzrə tədqiqatlar; izotop geologiyası və geoxronologiya; Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik; yeni müstəqillik tarixi; multikulturalizm və dini dəyərlər; Azərbaycan dilinin lüğət tərkibinin inkişafı; Azərbaycan və Qafqaz tarixinə dair Şərq yazılı mənbələrinin tədqiqi; Azərbaycan mühacirət ədəbiyyatı; iqtisadi inkişaf modelləridir.

Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu 2015-ci il dekabrın 15-dən 2016-cı il yanvarın 28-dək aparılacaq. Müsabiqənin elmi ekspertiza işi 2016-cı ilin birinci rübündə yerinə yetiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti