Bakı. Trend:
Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması üzrə işlər davam etdirilir. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov ANS-ə müsahibəsində deyib.
S.Şərifov bildirib ki, bankın əvvəlki rəhbərliyi idarəetmədə böyük səhvlərə yol verib və bu gün həmin səhvlərə hüquqi qiymət verilir:
"Bir çox hallarda bank rəhbərliyi bankın Müşahidə Şurasının təlimatlarından imtina edib və maliyyə hesabatlarındakı məlumatlar təhrif edilib. Bütün bunlar maliyyə vəsaitlərinin mənimsənilməsi faktına gətirib çıxarıb".
Nazir əlavə edib ki, bankda həmçinin rəhbər şəxslərlə bağlı olan kreditlər şəklində verilmiş kreditlərin mənimsənilməsi halları da baş verib.
"Bu gün biz kredit şəklində verilən bank vəsaitlərin qaytarılması üzrə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq ilə birgə işimizi davam etdiririk. Digər tərəfdən, əmanətçilərə xələl gətirməmək üçün bankın problemli aktivlərinin bir hissəsini "Aqrarkredit" QSC-nə təhvil verilməsini qərara aldıq. Söhbət müxtəlif zavod və fabriklərdən gedir, hansılarda ki işin gedişatı qənaətbəxş deyil. Biz onları sağlamlaşdırıb, bank vəsaitlərin bir hissəsini qaytarmaq üçün satmaq niyyətindəyik", - deyə nazir əlavə edib.
Qeyd edək ki, 2015-ci ilin 15 iyul tarixində Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunurdu ki, son illər bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb olmuşdur. Ona görə də yaranmış vəziyyətin aradan qaldırılması, bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi üçün problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi zərurəti yaranmışdır.
Nəticədə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin maliyyə durumunun sağlamlaşdırılması ilə bağlı ASC-yə məxsus problemli aktivlər müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılıb dövlətə məxsus "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilmişdir.