Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda polis tərəfindən mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılması halları dəyişdirilir.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, "Polis haqqında" qanunun 24-cü maddəsinin 2-ci hissəsinə təklif edilən dəyişikliyə əsasən, həmin hissədə polis əməkdaşı tərəfindən hər hansı şəxsin mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılması və ya yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə daxil olması halları dəyişdirilir.
Belə ki, dəyişikliyə əsasən, hakim qərarı olmadan polis əməkdaşı yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə aşağıdakı əsaslardan birinin olması barədə dəqiq məlumatı olduğu halda daxil ola bilər: şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsi; şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizlənməsi; yaşayış yerində insan meytinin (meyit hissələrinin) olması; yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükənin olması; cinayət törətmiş şəxsin bilavasitə "isti izlərlə" təqib edilməsi.
Mövcud qanunda isə yuxarıda qeyd olunan hallar aşağıdakı kimidir: mənzildə şəxsiyyət əleyhinə ağır cinayətin və ya xüsusi təhlükəli dövləti cinayətin törədilməsi; cinayət törətmiş, həbsdən və ya cəzaçəkmə müəssisələrindən qaçmış şəxsin həmin mənzildə gizlənilməsi; cinayət törətmiş şəxsin bilavasitə "isti izlərlə" təqib edilməsi; mənzildə insan meyidinin olması; mənzildə insan həyatı və ya sağlamlığı üçün real təhlükənin olması, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə səbəb ola bilən əxlaqsız hərəkətlərin edilməsi.
Dəyişikliklər polis əməkdaşlarının qanunsuz olaraq şəxsin razılığı olmadan onun yaşayış yerinə, müvəqqəti qalma yerlərinə daxil olmalarının qarşısını almaq məqsədi daşıyır.