...

Səhiyyə Nazirliyi: Azərbaycanda mövsümi qriplərdən olan A(H3N2) virusu üstünlük təşkil edib

Cəmiyyət Materials 25 Yanvar 2016 17:19 (UTC +04:00)
Azərbaycanda aparılan laborator tədqiqatlar nəticəsində A(H1N1) virusu aşkar edilməyib, dövr edən viruslar arasında isə mövsümi qriplərdən biri olan A(H3N2) virusu üstünlük təşkil edib.
Səhiyyə Nazirliyi: Azərbaycanda mövsümi qriplərdən olan A(H3N2) virusu üstünlük təşkil edib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda aparılan laborator tədqiqatlar nəticəsində A(H1N1) virusu aşkar edilməyib, dövr edən viruslar arasında isə mövsümi qriplərdən biri olan A(H3N2) virusu üstünlük təşkil edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, PZR (Polimeras zəncirvari reaksiya avadanlığı) və digər müasir avadanlıqla təchiz edilmiş virusoloji laboratoriyalarda 200-dən artıq şübhəli xəstədən götürülmüş nümunələrin müayinəsi təşkil olunub. Yalnız yanvar ayı ərzində ixtisaslaşdırılmış tibb müəssisələrində 100-dən artıq ağır formada kəskin respirator virus infeksiyalı şəxs müalicə olunaraq sağaldılıb. İxtisaslaşdırılmış müəssisələrdə ağır kəskin respirator viruslu xəstələrin müayinə və müalicəsi üçün lazımi şərait yaradılıb, səhiyyə müəssisələri epidemik virusa qarşı dərman preparatları və tibbi ləvazimatlarla təchiz olunub.

Epidemioloji prosesə dinamik müşahidənin aparılması məqsədilə respublikanın iri şəhərlərində kəskin respirator virus infeksiya üzərində gündəlik monitorinq aparılır və nəticələr təhlil edilir. Mövsümlə əlaqədar xəstəliyin bir qədər artmasına baxmayaraq, onun səviyyəsi epidemioloji həddən aşağıdır.

Qeyd edək ki, epidemik qrip mövsümi qripdən daha ağır cərəyan edir. Hava-damcı yolu ilə yayılan virusun intoksikasiya simptomları - qusma, ishal, güclü başağrısı ilə başlayır, yüksək hərarət, tənəffüsün çətinləşməsi, təngnəfəsliklə müşahidə olunur.

Xatırladaq ki, mövsümi qrip zamanı ağırlaşma 10-15 gün keçdikdən sonra baş verdiyi halda, epidemik virusda xəstəliyin 2-3-cü günlərində ağırlaşmalar müşahidə olunur. Həmçinin daxili orqanlar, xüsusən də ağciyər zədələnir.

Ümumiyyətlə, beynəlxalq təcrübə göstərir ki, hətta coğrafi-iqlim parametrlərinə görə yüksək risk ərazisində yerləşən ölkələr qripə qarşı kütləvi peyvənd tədbirləri keçirmirlər. Yayıla biləcək virusların qabaqcadan proqnozlaşdırılmasının mümkünsüzlüyü, həmçinin bu gün istehsal olunan vaksinlərin kifayət qədər effektli olmaması qripə qarşı kütləvi immunlaşdırma tədbirlərinin aparılmasının məqsədyönlü olmadığını göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti