Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Apelyasiya Məhkəməsində Bakının Nəsimi rayonu ərazisində "Azpetrol" Yanacaqdoldurma Məntəqəsində mühafizəçini döyən İsa Əzizovun Nəsimi rayon Məhkəməsi tərəfindən barəsində çıxarılmış inzibati həbsdən verdiyi apelyasiya şikayətinə baxılıb.
Trend-in məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, bu, İ.Əzizovun ilk məhkumluğu deyil. Bundan öncə də o, quldurluq üstündə 3 il 6 ay məhkumluq cəzası alsa da, 3 aydan sonra azadlığa çıxıb. İfadəsində həmçinin bildirib ki, hadisə zamanı sərxoş vəziyyətdə olub.
Məhkəmə qərarı qüvvədə saxlayıb, şikayət təmin olunmayıb.
Xatırladaq ki, yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İsa Əzizov müəyyən edilərək saxlanılıblar. Nəsimi rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxs 30 sutka inzibati qaydada həbs edilib.
Xatırladaq ki, saxlanılan şəxslərdən İ.Əzizov "8-ci kilometr" bazarının sahibinin oğludur. Hadisəni törədən şəxslərin hər ikisi idmançıdır.