...

6 saylı cəzaçəkmə müəssisəsindəki ölümlə bağlı rəsmi açıqlama verildi

Cəmiyyət Materials 16 Fevral 2016 12:47 (UTC +04:00)
Penitensiar xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində bir neçə məhkumun döyülməsi, iki nəfərin öldürülməsi barədə həqiqətəuyğun olmayan qərəzli məlumatlar yayılıb.
6 saylı cəzaçəkmə müəssisəsindəki ölümlə bağlı rəsmi açıqlama verildi

Bakı. Trend:

Penitensiar xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində bir neçə məhkumun döyülməsi, iki nəfərin öldürülməsi barədə həqiqətəuyğun olmayan qərəzli məlumatlar yayılıb.

Bununla əlaqədar bildirilir ki, 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddələrinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nurani İbrahimov qanunla nəzərdə tutulmuş gəzinti vaxtı qəflətən özünü pis hiss edərək yerə yıxılıb və ona göstərilən təxirəsalınmaz tibbi yardıma baxmayaraq, vəfat edib.

Bu barədə Trend-ə Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən verilən məlumatda bildirilir.

Faktla bağlı dərhal prokurorluğa məlumat verilib və araşdırma başlanılıb.

Mərhumun meyitinin məhkəmə-tibb eksperti tərəfindən aparılmış ilkin xarici müayinəsi zamanı onun ölümünə səbəb olan xəsarətlər aşkar edilməyib, daxili müayinəsinin aparılması və ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib.

Qeyd olunur ki, həmin müəssisədə cəza çəkən məhkum Sahib Abbasovun döyülərək öldürülməsi, digər məhkumlar Elmir Əsədovun və Tariyel Şahverdiyevin xəsarət alaraq xəstəxanaya köçürülmələri barədə yayılmış qərəzli məlumatlar uydurma olmaqla həqiqətə uyğun deyil və ictimaiyyətdə yanlış fikrin formalaşmasına yönəlib.

Həmin məhkumlarla valideynləri və yaxınları narahatlıq keçirməsinlər deyə telefon əlaqəsi saxlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti